PİA.az-ın təsisçisi Şahin Ağabəylinin vəfatından 9 il ötür

Bu gün “Milli Yol” qəzetinin və “Poliqon” İnformasiya Agentliyinin (pia.az) təsisçisi və baş redaktoru Şahin Ağabəylinin avtomobil qəzasında faciəvi şəkildə həlak olmasından 9 il ötür.

Şahin Ağabəyli 1976-cı ildə yanvarın 27-də Neftçala rayonunun Aşağı Qaramanlı kəndində dünyaya göz açıb. 1993-cü ildə orta məktəbi bitirdikdən sonra mərhum prezident Əbülfəz Elçibəy tərəfindən Türkiyə Kara Harp Okuluna təhsil almaq üçün yollanılan 23 gəncdən biri olub.

1999-cu ildə təhsilini bitirib Bakıya qayıdan Şahin Ağabəyli 2000-ci ildə ordudan tərxis olunub. Elə həmin il Əbülfəz Elçibəy tərəfindən Bütöv Azərbaycan Birliyinin (BAB) nəzdində yaradılan Bütöv Azərbaycan Məktəbinin (BAM) rəhbəri təyin olunub.

2003-cü ildə “Milli Yol” qəzetini təsis edib və qəzetin baş yazarı olub. 2006-cı ildə “Poliqon” İnformasiya Agentliyini, 2009-cu ildə isə baş redaktoru olduğu PİA.az saytını təsis edib.

Şahin Ağabəyli 2006-cı ildə peşə fəaliyyətinə görə həbs olunmuş, bir müddət sonra prezident tərəfindən əfv edilmişdi.

Şahin Ağabəyli 2010-cu ildə oktaybrın 27-də səhər tezdən Bakı-Ələt yolunun Səngəçal hissəsində avtomobil qəzasında həlak olub. Dünyaya vida edərkən 34 yaşını doldurmamışdı…/pia.az/

COP29