“Pilot” formatında qalan icbari tibbi sığorta: “Proses 4-5 il çəkəcək” – Millət vəkili

Bildiyimiz kimi, bu ilin əvvəlindən başlayaraq, Mingəçevir və Yevlax şəhərlərində pilot layihə olaraq icbari tibbi sığortanın tətbiq edilməsinə start verilib. Artıq həmin bölgələrdə prosesin reallaşmasından yarım ildən də çox vaxt keçib. Prosesin nə yerdə olduğunu, ilkin mərhələdə hansı nəticələrin əldə olunduğunu öyrənmək üçün Yenicag.az olaraq Milli Məclisin deputatı Musa Quliyevə müraciət etdik.

Onun sözlərinə görə, yaxın 4-5 il ərzində icbari tibbi sığorta bütün ölkəni əhatə etməlidir:

“İcbari tibbi sığorta dünyada səhiyyə sisteminin maliyyələşdirilməsinin ən optimal və qabaqcıl üsullarından biridir. Uzun illər Azərbaycanda da bu istiqamətdə hazırlıq işləri getdi və qanun qəbul edildi. Nəhayət, keçən il bu işə pilot şəklində başlamağa qərar verildi. Nəticədə, bunun üçün Mingəçevir və Yevlax şəhərləri seçildi. Bu müddət ərzində İcbari Tibbi Sığorta Agentliyi tərəfindən xeyli işlər görülüb. Milli Məclisin Səhiyyə komitəsi olaraq, daim bu istiqamətdə gedən işlərlə maraqlanırıq. Həmin bölgədə iclas keçirib, əhali ilə görüşmüşük. Hər kəs, vətəndaş və tibbi personal da bu addımla bağlı müsbət fikirdədir. Onu da qeyd edim ki, Mingəçevir və Yevlaxda icbari tibbi sığorta tətbiq olunandan sonra səhiyyə müəssisəsinə müraciət edənlərin sayı 10 dəfədən çox artıb. Bu, həm xidmətin keyfiyyətindən xəbər verir, həm də artıq xərcləri sığorta sistemi qarşıladığından vətəndaşın rahat şəkildə, heç bir rəsmi və ya qeyri-rəsmi əlavə xərc ödəmədən prosesdən yararlanmasına şərait yaradır. Buna görə də müayinəyə gələnlərin sayı, müalicənin isə effektivliyi artıb. Müalicəsi Yevlax və Mingəçevirdə mümkün olmayan ağır xəstələr Gəncədəki müvafiq klinikalarla bağlanan müqavilə əsasında həmin şəhərdəki tibb müəssisələrinə göndərilir. Habelə, bu fonda Bakıdan müqavilə əsasında mütəxəssislər də dəvət edilir. Yəni sözügedən iki şəhərdə icbari tibbi sığortanın tətbiqi məsələsi normal qurulub və hesab edirəm ki, proses daha yaxşı gedəcək. İlkin apardığımız müşahidələr nəticələrin müsbət olacağını deməyə əsas verir. Düzdür, eyni anda, birdən-birə bütün ölkə boyu icbari tibbi sığortanın tətbiq edilməsi mümkün deyil. Bunun baş verməsi arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Sadəcə olaraq, gələn il bir neçə əlavə rayon da sözügedən pilot layihəyə qoşulacaq. Ondan sonrakı illərdə isə sığortanın tətbiqi sahəsi daha da genişlənərək, bütün ölkəyə şamil oluna bilər. Ümumiyyətlə, dünya praktikasında icbari tibbi sığortanın tətbiqi və tam oturuşması ən yaxşı halda 4-5 il çəkir”.

Prosesin bütün ölkəni əhatə etməsi həmsöhbətimizin fikrincə, səhiyyə sistemində keyfiyyət göstəricisinin və rəqabətin artmasına gətirib çıxaracaq:

“İcbari Tibbi Sığorta Agentliyi yalnız tibbi xidmətlərin maliyyələşdirilməsi məsələsini həyata keçirir. Əvvəllər tibb və səhiyyə sisteminin maliyyələşməsi yuxarıdan aşağıya doğru idi. Yəni büdcə Səhiyyə Nazirliyinə ayrılır, onlar da yerli şöbələrə və ardınca da müxtəlif xəstəxana və poliklinikalara verirdilər. İndi isə müraciət əsasında maliyyələşmə aşağıdan yuxarıya doğru olacaq. Hansı klinikaya daha çox müraciət olunacaqsa, vəsait də daha çox ora ayrılacaq. Hansı həkim və tibb bacısına müraciət ediləcəksə, onların əməkhaqqısı da daha yüksək olacaq. Yəni icbari tibbi sığortanın tətbiqi tibb işçiləri və klinikalar arasında sağlam rəqabətə aparıb çıxaracaq. Nəticədə, işin keyfiyyəti yüksələcək. Digər tərəfdən, qeyri-rəsmi ödəmələr, rüşvətxorluq, biganəlik halları tamamilə aradan qalxacaq. Əsassız tibbi xərclərə son qoyulacaq. Çünki İcbari Tibbi Sığorta Agentliyi özünün hər qəpiyini havayı yerə xərcləməyəcək. Həmçinin, vətəndaş istədiyi klinika və həkimi seçməkdə sərbəst olacaq. Ən bahalı ürək və beyin kimi əməliyyatların bir hissəsi icbari tibbi sığorta tərəfindən qarşılandığından aşağı və ortagəlirli vətəndaşlarımız da tam tibbi xidmət ala biləcəklər”.

ELÇİN

Yenicag.az

COP29