Aktauda qəzaya uğrayan təyyarənin pilotları güclü mütəxəssisdir.
Yenicag.az xəbər verir ki, bu barədə qazaxıstanlı aviasiya eksperti Abyl Kekilbayev bildirib.
Onun sözlərinə görə, adətən təyyarə bu şəkildə qəzaya uğrayanda heç kim sağ qalmır.
Ekspert “təyyarəni dənizə endirmək mümkün idimi?” sualına belə cavab verib: “Mülki aviasiya sahəsində mütəxəssis olaraq deyirəm ki, istənilən təyyarə kapitanının verdiyi qərarı ən yaxşısı kimi qəbul edirik. Düşünürəm ki, o, bu təyyarəni hava limanına gətirib sağ-salamat endirəcəyinə əmin olduğu üçün belə bir qərar verib. Hər bir pilot belə vəziyyətə əvvəlcədən hazırlaşır. Ona görə də fövqəladə vəziyyət olsa da, onlar buna hazırdılar. Biri deyir ki, hava ilə əlaqədardır, biri deyir ki, təyyarədə oksigen çəni partlayıb. İstənilən halda bütün səbəblər hərtərəfli araşdırılacaq”.
Onun sözlərinə görə, belə bir hadisənin baş verməsinin tək səbəbi yoxdur. Belə bir vəziyyətə səbəb olan bir sıra səbəblər var: “O, 20-dən çox insanın həyatını xilas edib. Təyyarə burnu aşağı düşsəydi, hamı öləcəkdi. Amma pilot təcrübəli mütəxəssis olduğunu göstərdi və bacardıqca təyyarəni düz yerə endirməyə çalışdı. O, hava limanına çatmasa da, mümkün olan hər şeyi etməyə çalışıb. Bu baxımdan baxanda insanlar pilotun sayəsində sağ qalıblar”./unikal