“Pilotlarımız S-300-lərin öhdəsindən asanlıqla gələrlər” – İsrailli ekspert

“Suriya hava hücumundan müdafiə qüvvələri atəşə başlayanda İsrail hərbi təyyarələri artıq qırx dəqiqə idi ki, bazaya qayıtmışdılar”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Rusiyaya məxsus İl-20 təyyarəsinin Suriyada vurulması ilə bağlı Kremlin İsrailə yönəlik ittihamlarını şərh edən politoloq Arye Qut deyib.

Arye Qutun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyinin bu hadisə ilə əlaqədar keçirdiyi brifinq “absurd teatrı”ndan başqa bir şey deyildi:

“Sentyabrın 17-si saat 22 radələrində İsrailə məxsus 4 ədəd F-16 təyyarəsi Suriya radarlarından yayınaraq, İranın Latakiyadakı hərbi obyektlərini bombaladı. Nəticədə “Hizbullah”ın silah anbarı havaya uçuruldu, hərbi təyinatlı zavodlar dağıdıldı.

Bombardmandan sonra Suriya hava hücumundan müdafiə qüvvələri səmanı pərakəndə şəkildə atəşə tutublar. Onların buraxdığı S-200 raketi ilə Rusiyanın İl-20 təyyarəsi vurulub. Yəni o hadisə belə baş verib”.

Qut qeyd edib ki, səsdən sürətli hərbi təyyarələri idarə edən İsrail pilotlarının “yer-hava” tipli raketlərdən “yayınmaları” da təəccübə səbəb olub:

“İstefada olan general Amos Yadlin hesab edir ki, bu cür iddialar absurddur. Çünki Suriya hava hücumundan müdafiə qüvvələri atəşə başlayanda İsrail hərbi təyyarələri artıq qırx dəqiqə idi ki, bazaya qayıtmışdılar”.

İsrailli ekspertin sözlərinə görə, Rusiyanın Suriyaya S-400 raket kompleksləri verməsi regionda strateji təhlükəni artırır. Çünki peşəkarlıq səviyyəsi aşağı olan Suriya raketçilərinə S-300-lərin verilməsi Rusiyanın özü, o cümlədən ABŞ, İsrail hərbi aviasiyasına, həmçinin mülki aviasiya üçün təhdidlər yaradır:

“Əminəm ki, İsrail Hərbi Hava Qüvvələri üçün S-300 raketləri heç nədir. Qətiyyən şübhə etmirik ki, hərbi pilotlarımız S-300-lərin öhdəsindən asanlıqla gələrlər. Bu məsələdə hər hansı tərəddüdümüz yoxdur.

Əslində, Rusiya Müdafiə Nazirliyi bu addımı ilə Suriyanın hava hücumundan müdafiə qüvvələrini lazımi səviyyədə yetişdirə bilməməsi faktını pərdələməyə çalışır.

Bundan başqa, Suriyanın zabit kontingentinin hazırlıq səviyyəsinin də çox aşağı olduğunu unutmamalıyıq. Onlar otuz il əvvəlki sistemlərin öhdəsindən gələ bilmirlərsə, S-300-ləri necə idarə edəcəklər?”.

Qafqaz Ömərov