“Pirelli” şirkəti aprel ayının son günlərində baş tutacaq Azərbaycan Qran Prisi üçün gətirəcəyi təkər tərkiblərini açıqlayıb.
Yenicag.az “F-1.az” saytına istinadən xəbər verir ki, gözlənilənlərin əksinə olaraq, bu il təkər reqlamentində heç bir dəyişiklik edilməyib, amma şirkətin komandalara təklif etdiyi tərkiblərdə keçən illə müqayisədə dəyişikliklər var.
Reqlamentə əsasən, “Pirelli” səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidi. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə “Pirelli”dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.
Hər bir Qran Priyə sürücülərə 13 dəst quru hava təkərləri veriləcək – hər tərkibdən bir dəst seçmək məcburidir, digər dəstlərin say seçimində sürücülər azaddırlar. Yarış üçün məcburi elan olunan tərkibdən istifadə etməyən sürücü əvvəlki qaydada cərimə olunur.
Sıralanma turunun son sessiyasına keçən sürücülər əvvəlki sessiyada ən yaxşı nəticəni göstərdikləri təkərlərlə start almalıdırlar və son sessiyada istifadə etdikləri ən yumşaq tərkibi “Pirelli”yə qaytarmalıdırlar.
Bizim yarış səfər yarışı sayıldığı üçün italyanlar bu gün Bakıya gətirəcəkləri tərkibləri açıqlayıblar – Soft, SuperSoft və UltraSoft. Soft və SuperSoft tərkibləri məcburi elan edildiyi üçün yarışın gedişində bu tərkiblərdən hər hansı birindən mütləq istifadə olunmalıdır.
Xatırladaq ki, ölkəmizdə keçirilən ilk iki yarışda Medium, Soft və SuperSoft tərkiblərindən istifadə olunmuşdu.