Pirşağı gölündə EKOLOJİ FƏLAKƏT: Balıqlar məhv olur, çirkab suları çimərliyə axıdılır – PROBLEM / VİDEO

2010-cu il ölkəmizdə “Ekologiya ili” elan olunsa da, ətraf mühitin çirklənməsi ilə bağlı problemlər hələ də öz həllini tapmayıb. Ekoloji problemlərdən biri də Pirşağı gölündə müşahidə olunur.

Yenicag.az-a daxil olan məlumata görə, Pirşağı gölünə yaxınlıqdakı kəndlərin və ətrafda olan müəssisələrdən axıdılan çirkab suları ekoloji fəlakətin miqyasını böyüdür.

Həmin gölün yaxınlığından Abşeron suvarma kanalı keçir. Pirşağı gölünə böyük həcmdə çirkab suları axıdılması nəticəsində suyun ifrat köpüklənməsi hövzədə təhlükəli kimyəvi maddələrin mövcudluğundan xəbər verir.

Qeyd edək ki, gölün yaxınlığında yerləşən “2-ci sovxoz” adlanan təsərrüfatdan da oraya çirkab suları axıdılır. Uzun illərdir davam edən bu prosesin qarşısını almaq üçün aiddiyyatı qurumlar heç bir tədbir görmürlər.

Ərazidəki balıqçıların sözlərinə görə, gölə tökülən çirkab sular oradan birbaşa Pirşağı çimərliyinə axır. Eyni zamanda, çirkab suları göldəki suitilərin və balıqların kütləvi şəkildə qırılmasına səbəb olur. Ona görə də artıq göldə balıq tutmaq mümkün deyil.

Bununla yanaşı, çirkab sular torpağın eroziyasına və içməli suyun kimyəvi maddələrin təsirindən çirklənməsinə şərait yaradır. Pirşağı çimərliyinin sahilinə kimi böyük ərazini əhatə edən çirkab suları vətəndaşların sağlamlığını da təhlükə altına salır.

Gülşən Şərif