Azərbaycanda müasir tələblər nəzərə alınmaqla piyada işıqforlarının tətbiqi meyarları dəqiqləşdiriləcək və onların sayı artırılacaq.
Yenicag.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda deyilir.
Sənəddə bildirilir ki, 2019-2020-ci illərdə davamlı monitorinqlər aparmaqla qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq yaşayış məntəqələrinin küçə-yol şəbəkəsində eynisəviyyəli piyada keçidlərinin sayı artırılacaq, respublika əhəmiyyətli avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrinin yeraltı və yerüstü piyada keçidləri ilə təmin edilməsi səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə qısa müddətdə bu sahədə görülmüş işlərin, qabaqcıl beynəlxalq standartlar nəzərə alınmaqla, tam yoxlanılması və nəticəsi barədə hesabat hazırlanacaq, hesabat əsasında həmin yolların yeraltı və yerüstü piyada keçidləri ilə təmin edilməsinə dair Tədbirlər Planı hazırlanaraq təsdiq ediləcək, minimal sərmayə qoyuluşu ilə başa gələn yeraltı və yerüstü piyada keçidlərinin sayı artırılacaq, eynisəviyyəli piyada keçidlərinin siqnallaşdırılması səviyyəsi təkmilləşdiriləcək.
Həmçinin əlilliyi olan şəxslərin yollarda sərbəst hərəkətinin təmin edilməsi üçün tədbirlər (piyada keçidlərinin ayaqla hiss edilə biləcək qabarıq elementlərlə, işıqforların səs siqnalı ilə təchiz edilməsi və s.) görülməsi, layihələndirilməsi, tikintisi və təmiri nəzərdə tutulan avtomobil yollarının əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılması, eləcə də səkilərdə piyadaların hərəkəti üçün maneələrin aradan qaldırılması və gələcəkdə belə maneələr yaradılması hallarının qarşısının alınması, səkilərin ölçülərinin dövlət şəhərsalma norma və qaydalarına uyğunluğunun təmin edilməsi nəzərdə tutulur./Trend/