“Çox adam elə düşünür ki, piyadanı maşın vurursa, günah mütləq sürücüdədir”.
Bu fikirləri piyadaların səbəb olduğu qəzaların qarşısının alınması istiqamətində atılması vacib addımlar haqda danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, hər il piyadaların səbəb olduğu qəzalarla bağlı onlarla fakt qeydə alınır:
“Piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri ən aktual problemlərdən biridir. Məlumdur ki, burada təkcə sürücülərin yox, birmənalı şəkildə piyadaların günahı ucbatından baş verən qəzaları da qeyd etməliyik.
Piyadaların səbəb olduğu yol-nəqliyyat qəzaları əsasən keçidlərdən istifadə edilmədiyinə görə baş verir. İstintaq orqanları tərəfindən aparılan araşdırmalar nəticəsində və bunlarla bağlı yayılan video görüntüləri izləyəndə də bunun belə olduğu üzə çıxır. O baxımdan, cərimələrə daha çox önəm vermək lazımdır.
Hesab edirəm ki, bunun qarşısını almağın tək yolu cərimələrin artırılmasıdır. Çünki göründüyü qədər, sözlə, çağırışla heç bir nəticə əldə olunmur. Çox adam elə düşünür ki, piyadanı maşın vurursa, günah mütləq sürücüdədir. Əvvəlcə bunu başa düşməliyik ki, qaydanı piyada pozursa, cəzalandırılan da elə piyada olmaldır”.
Nuray Məmmədzadə