PKK ilə əlaqəsi olan CHP üzvünün həbsi REZONANS DOĞURDU – DETALLAR

“Son zamanlar Türkiyədə ciddi bir hərəkətlənmə mövcuddur. 2023-cü il oktyabrın 7-də HƏMAS İran və Rusiyanın rəhbərliyi ilə İsrailə hücum edəndə, dünyanın diqqəti Ukraynadan İsrailə yönəlməyə başladı”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən QAFQAZ Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay deyib.

Analitik son günlər Türkiyə gündəmini zəbt edən PKK, habelə “ana müxalifət” sayılan Cümhuriyyət Xalq Partiyasının (CHP) Esenyurt bələdiyyə başqanı olan Əhməd Özerin terror təşkilatı ilə əlaqəsi olduğu üçün həbs edilməsi məsələsinə toxunub.

H. Oktaya görə, İsrailin HƏMAS və “Hizbullah”a qarşı mübarizəsini nəzərə alanda, Türkiyə İraq və Suriyada PKK və PDY/SDQ-yə qarşı əməliyyat keçirməli idi:

“Lakin Ankara daha sonra bütün diqqətlərini İsrailə çevirdi və buna cavab olaraq HƏMAS-a dəstək verdilər. Ondan sonra İsrail Türkiyəyə qarşı “PKK kartı”nı aktivləşdirdi. Bunun ilk əlamətlərini 2023-cü ilin dekabrında PKK-nın İraqda türk əsgərlərinə qarşı törətdiyi və daha sonra 12 əsgərimizin şəhid olduğu hadisədə görmək olar. Yəni Türkiyədə kürd əsilli vətəndaşlarımız arasında parçalanma yaratmaq üçün yaradılan saxta hesablar vasitəsilə kürd millətçiliyi hədsiz dərəcədə qızışdırılmağa başlayıb. İsrail “Hizbullah”a qarşı mübarizəyə başlayanda Türkiyə də beynəlxalq legitimliyə əsaslanaraq, hərəkətə keçib “Hizbullah”ın təhdid etdiyi kimi, İraq və Suriyadan Türkiyəni təhdid etmək potensialına malik PKK-ya qarşı genişmiqyaslı əməliyyata başlaya bilər. Bunlar olmadığından və regionda baş verənlər yanlış təhlil edildiyindən Türkiyə hazırda ciddi PKK böhranı ilə üz-üzədir”.

Onun sözlərinə görə. bunun qarşısını almaq üçün hətta Abdullah Öcalanın həbsdən buraxılması və TBMM-də müzakirəsi variantı da gündəmə gətirildi:

“Lakin Dövlət Bağçalının bu məsələ ilə bağlı açıqlaması yanlış anlaşıldı, çünki o, DEM partiyası, CHP və AK Partiya daxilindəki köhnə təşəbbüslərə baxmayaraq, gizli ittifaq qurub İsrailin əməliyyata girməməsi üçün bir proses başlatdı. Onun təzyiqi ilə məsələ çox fərqli müstəviyə, Abdullah Öcalanın azadlığa buraxılması nöqtəsinə gəldi. Bu arada Dövlət Bağçalı araya girərək “Belədirsə, “Apo”nu (Abdullah Öcalan – red.) çıxarın və DEM Partiyasın qrup toplantısında çıxış edib və desin ki, terrordan əl çəkirlər”. Amma mətbuatımız məsələni çox fərqli ölçülərdə müzakirə etdi və sanki Dövlət Bağçalı “Apo”nun həbsdən çıxmasını və parlamentdə çıxış etməsini istəyən mövqeyə qoyuldu”.

“Prezident Ərdoğan bir həftəlik gözləmədən sonra dünən Ədalət və İnkişaf Partiyasının (AK Parti – red.) qrup toplantısında, bir tərəfdən, Bağçalının sözügedən məsələ ilə bağlı rəftarını tərifləyərkən, digər tərəfdən də terror təşkilatı ilə danışıqlara başlamayacağını və dialoqun yalnız kürd xalqı ilə olacağını bildirib. Prezident bildirdi ki, əgər onlar bu dövlətin vətəndaşları kimi yaşamaq istəyirlərsə, o zaman, gəlin, birlikdə yaşayaq”, – deyə o, söyləyib.

O, diqqətə çatdırıb ki, ötən gün həbs olunan CHP-nin Esenyurt bələdiyyə başqanı Əhməd Özer DEM Partiyası ilə CHP-nin qurduğu ittifaqla keçirilən son bələdiyyə seçkilərində seçilib:

“Amma DEM partiyasının üzvü olan Əhməd Özer CHP-nin siyahısından bələdiyyə sədri olub. Onun ötən onilliklərdə PKK-nın yüksək səviyyəli rəhbərləri ilə görüşləri səbəbilə həbs edilməsi, əslində, DEM Partiyası, AK Partiya CHP-nin yaratdığı ikinci təşəbbüs layihəsinə Dövlət Bağçalı və Rəcəb Tayyib Ərdoğanın müdaxiləsi kimi özünü göstərdi.. Ərdoğan DEM partiyasını və CHP-ni cəzalandırarkən, görünür, AK Partiya daxilində ikinci təşəbbüslər də yaxın vaxtlarda cəzalandırılacaq”.

Rafi Müslümov

COP29