!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“PKK-nın FETÖ-çularla birlikdə hərəkət etməsi istisna deyil” – Millət vəkili

!Reklam – Yazi

Dünən gecə Ankarada Rusiya səfiri Andrey Karlovun öldürülməsi dünya mediasının gündəmindədir.

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan millət vəkili, politoloq Elman Nəsirli bildirib ki, bu gün terrorçu qüvvələrin birnömrəli hədəfi Türkiyədir. Onun sözlərinə görə, həmin qüvvələr Türkiyəni İraq, Suriya, Yəmən və digər münaqişəli ölkələrlə bir sırada görmək istəyirlər:

“Son 11 gün ərzində Türkiyədə 3 terror aktının baş verməsi dediklərimizi bir daha təsdiq edir. Rusiya səfirinin öldürülməsi ilə növbəti dəfə Türkiyə-Rusiya münasibətlərinə zərbə vurmaq istəyirlər. Terroru həyata keçirənlər məhz həmin məqsədi qarşıya qoyublar. Çox yaxşı haldır ki, Rusiya prezidenti Vladimir Putinin hadisə ilə bağlı açıqlamasında iki ölkə arasındakı münasibətlərə zərbə vurmaq niyyətinin olduğunu diqqətə çatdırıb. Eyni zamanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya dövlət başçısı ilə telefon danışığında da bu məsələ öz əksini tapıb. Amma hər halda Türkiyə hüquq-mühafizə orqanlarının işinə yenidən baxılması da gündəmə gələcək. Keçmiş polisin bu terror hadisəsini həyata keçirməsi göstərir ki, Türkiyə Daxili işlər orqanlarında bir boşluq var”.

E.Nəsirli əlavə edib ki, hadisə yeni olduğu üçün burada bir neçə mülahizə üzərində dayanmağa ehtiyac var. Millət vəkilinin fikrincə, bundan öncə Türkiyə-Rusiya arasında baş verən təyyarə olayında da FETÖ-çuların xüsusi rolu bəlli olub:

“Onlar bu hadisənin təşkilatçısı kimi çıxış ediblər. Əsas məqsəd də Türkiyə-Rusiya münasibətlərinə zərbə vurmaq olub.

Rusiya səfirini qətlə yetirən şəxsin məhz 15 iyul çevrilişində iştirakına görə vəzifədən uzaqlaşdırıldığı məlum olur. Eyni zamanda həmin şəxsin FETÖ-çularla sıx əlaqələrinin olması da aydın şəkildə qeyd edilir. Belə olan halda terrorun həyata keçirilməsində FETÖ-çuların iştirakı məsələsi yenidən gündəmə gəlir. Çünki göründüyü kimi, bundan əvvəl də Türkiyə-Rusiya münasibətlərini korlamaq istəmişdilər. Onlar görəndə ki, iki ölkə arasında əlaqələr yenidən yüksək səviyyədə inkişaf edir, yenə də həmin qüvvələr öz çirkin oyunlarını oynamağa çalışırlar. Bu nöqteyi-nəzərdən PKK ilə FETÖ terror təşkilatının iştirakı məsələsi yenidən gündəmə gəlir. Müasir dünyada beynəlxalq terrorçu qüvvələr ona görə güclüdürlər ki, çox yaxşı təşkilatlanıblar və eyni zamanda koordinasiya olunmuş fəaliyyət göstərirlər. Bir terroru həyata keçirtmək üçün məkanı dəyişməyə ehtiyac qalmır. Qətliamları həyata keçirtmək üçün həmin ərazidəki digər terrorçu təşkilatla əlaqəyə girmək kifayətdir. Bu halda PKK-nın FETÖ-çularla birlikdə qanlı aksiyanı həyata keçirməsi istisna deyil”.

BƏXTİYAR
Yeniçağ.Az

www.yenicag.az

493
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv