PKK-nın “qara qutusu” açıldı – Öcalanın qardaşından ağlasığmaz etiraflar: “ABŞ, Almaniya, Rusiya…” – Video

Terrorçu PKK-nın həbsdəki lideri Abdullah Öcalanın qardaşı Osman Öcalan şəbəkənin fəaliyyəti ilə bağlı qlobal gücləri ifşa edən sensasion açıqlama verib.

Yeniçağ.Az xəbər verir ki, Osman Öcalan “A Haber”ə müsahibəsində terrorçu PKK-nın son illərdə xüsusilə fəallaşmasının arxasında dayanan səbəblərdən danışıb.

Onun sözlərinə görə, PKK terrorunun güclənməsi ilk növbədə Türkiyənin dünya miqyasında mövqelərinin güclənməsi və iqtisadi inkişafı ilə bağlıdır:

“Türkiyəyə düşmən kəsilən PKK və başqa sol qruplaşmaların fəallaşması Türkiyənin iqtisadi inkişafının sürətlənməsi və dünya arenasında mühüm mövqe qazanması ilə əlaqədardır. Türkiyənin regional güc olaraq inkişafında maraqlı olmayan qlobal güclər Ankaraya yönələn bütün təzyiq vasitələrini işə salıblar.

Əsas məqsədləri Türkiyənin inkişaf edərək xarici asılılıqdan qurtulmasına imkan verməməkdir. Çünki inkişaf etmiş güclü Türkiyə dövlət maraqlarına uyğun qaydada öz siyasətini diqtə edəcək. Bu gün bir sıra dünya dövlətləri Türkiyəni sözdə müttəfiq adlandırsalar da, əslində Türkiyəyə qarşı aparılan terror müharibəsinin arxasında dayanan məhz o ölkələrdir. Onlara regionda güclü Türkiyənin olması heç cür sərf etmir. PYD və PKK eyniköklü qruplaşmalardır. SSRİ-nin süqutundan sonra Suriya, İraq və Türkiyənin özündəki solçu kürd qruplaşmaları NATO-nun və Qərb dövlətləri xüsusi xidmət orqanlarının nəzarətinə keçdilər. Rusiya, Böyük Britaniya, Fransa, Almaniya və ABŞ indiyə kimi PKK-ya dəstək verirlər. Rusiya da hələ SSRİ vaxtında PKK daxilində formalaşdırılmış casusluq şəbəkəsini idarə edir.

PKK-dan zaman-zaman Türkiyə və İrana qarşı istifadə olunub. Bu gün hədəfdə Türkiyədir və terrorçuların bütün həmlələri ona qarşı yönəlib. Yenə deyirəm, qlobal güclər Türkiyəni qarışdırmaq və inkişafının qarşısını almaq üçün PKK-nı silahlandıraraq, ona hərtərəfli yardım göstərirlər”.

Yeniçağ.Az