!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

PKK-nın terrorçu fəaliyyətinə “Azercell” dəstəyi

!Reklam – Yazi

azercellllBu gün insan həyatını mobil rabitəsiz təsəvvür etmək mümkün deyil.

Əgər XX əsrin sonlarında bu sahə çoxları üçün əlçatmaz görünürdüsə, bu gün artıq mobil rabitə hər kəs üçün əlçatandır. Dünyanın bütün nöqtələrində olduğu kimi, Azərbaycanda da mobil rabitə ölkə iqtisadiyyatının ən sürətlə inkişaf edən sektorlarından sayılır. Artıq respublikanın mobil telefon istifadəçilərinin sayına görə MDB məkanında ilk yerlərdən, dünya üzrə isə orta göstəricilərdən birini tutur. Birmənalı şəkildə demək olar ki, mobil rabitənin inkişaf etməsi ilə yanaşı, kifayət qədər insan həyatı üçün problemlər yaradan, təbiətə müəyyən ziyanlar yetirən qüsurlar da mövcuddur. Məsələn, hind alimləri sübut edir ki, mobil rabitə qüllələri və mobil telefonların şüalandırma elektromaqnit dalğaları bal arıları üçün ciddi təhlükə mənbəyidir. Yazıçı, Nobel mükafatçısı Devra Devis “Əlaqəni kəs” kitabında mobil telefonların insan sağlamlığına ciddi təsir etdiyi barədə kifayət qədər faktlar və sübutlar göstərir.

Təbiətə və insan sağlamlığına mənfi cəhətləri ilə yanaşı, mobil telefonların insanların mənəvi həyatına, eləcə də maddi durumuna böyük zərər göstərdiyini kifayət qədər faktlarla sübut etmək olar. Bu faktları qeyd etməzdən əvvəl dövlət qurumlarının rəsmi mövqeyini vurğulamaq yerinə düşərdi. Belə ki, Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov jurnalistlərlə söhbətində bildirmişdir ki, nazirliyin araşdırmaları zamanı mobil operatorların vətəndaşları aldatdığı üzə çıxarılıb: “Gördük ki, mobil operatorlar vətəndaşlarımızı aldadır”.

TeliaSoneranın törəməsi ümidləri doğrultmadı

Redaksiyamıza daxil olan şikayət məktublarına istinadən demək olar ki, Azərbaycanda fəaliyyət göstərən mobil operatorlar arasında insanları ən çox aldadan “Azercell” adlı mobil operatordur. TeliaSonera şirkətlər qrupunun bir hissəsi olan

“Azercell” üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəbindən, abunəçilərinin sayı ilbəil azalmaqdadır. 17 ölkədə fəaliyyət göstərən TeliaSoneranın 2012-ci ildə ümumi istifadəçilərinin sayı 300 milyon nəfər təşkil edirdisə, 2015-ci ildə bu göstərici cəmi 170 milyon olub. Eləcə də Azərbaycanda bir il öncə “Azercell” abunəçilərinin sayı 5 milyon nəfərə yaxın olduğu halda, bu gün artıq onların sayı 3 milyon 800 minə qədər olub. Azalmaya səbəb, təbii ki, qüsurlu xidmət, eləcə də abunəçilərə qarşı fırıldaq, oğurluq və dələduzluq faktlarıdır. Şikayətçi Rəfiqə Hüseynova (050 318-30-24) qeyd edir ki, onun telefonuna “Azercell”in 65100 xidmətindən zəng gəlib: “Xanım qız bildirdi ki, onun nömrəsi kampaniyaya düşüb. Bir il ərzində nömrənizi “Azercell”ə daşımaqla yüklədiyiniz məbləğ iki qat artırılacaq və əlavə hədiyyələr də qazanacaqsınız. Hətta telefonuma SMS-də gəldi ki, balansınıza 3 AZN yüklənilib. Eləməyib tənbəllik 2002 saylı telefon mərkəzinə zəng etdim. Məlum oldu ki, sevincim əbəs imiş. Xəbərdarlıq edildim ki, balansımda kifayət qədər məbləğ yoxdur. Əksinə bir neçə dəfə bu xidmətə zəng etməyim müqabilində 24 qəpik mənbən borc tutdular”.

Samir Feyruzov (050 414-24-23) redaksiyamıza ünvanladığı şikayət məktubunda onun nömrəsinə “Azercell”dən əxlaqsız mesajlar gəldiyini qeyd edir. S.Feyruzov “Azercell” tərəfindən mədəni soyğunçuluğa məruz qalmasından da şikayətləndi: “Dünyanın heç bir mobil operatorlarında 1 dəqiqəsi 8 qəpiyə danışıq tarifi yoxdur, amma “Azercell”də var. Digər operatorlara çıxış isə 1 dəqiqəsi 16 qəpiyə başa gəlir. Eləcə də 58 saniyəyə qədər, ümumilikdə 7 qəpik çıxılır”.

Şikayətçi qeyd edir ki, üzləşdiyi soyğunçuluq faktı ilə bağlı “Azercell” rəhbərliyinə müraciət etsə də, onun müraciətinə baxılmayıb. S.Feyruzov məsələnin həll edilməsi üçün məhkəməyə müraciət etməyə hazırlaşdığını da bildirib.

Vüqar Bayramov: “Çıxış yolu yalnız məhkəməyə müraciət etməkdir”

İqtisadçı-ekspert Vüqar Bayramov da “Azercell” tərəfindən hüquqları kobud şəkildə pozulan abunəçilərin çıxış yolu olaraq məhkəməyə müraciət etmələrini məsləhət bilib: “Təəssüf ki, “Azercell” abunəçilərinin elə formada pullarını kəsir ki, onları sübut etmək çətindir, amma belə faktlar var. Həmin faktları sübut etmək üçün mütləq və mütləq məhkəməyə müraciət olunmalıdır”.

V.Bayramov “Azercell”in tariflərinin kifayət qədər yüksək olduğunu və bunun insanların maddi durumuna pis təsir etdiyini də söylədi. Bildirdi ki, problemin köklü həlli üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ciddi tədbirlər görməsinə ehtiyac var.

Qəzetimizə ünvanladığı şikayət məktubunda şikayətçi Rafael Hüseynli (050 498-75-72) isə “Azercell”in təklif etdiyi internet paketindən istifadə etməkdən peşman olduğunu qeyd edir. Bildirir ki, “Datakart” alıb 10 geqabayt paketinə abunə olsa da, 7 gün ərzində 145 manat ünvanına borc yazılıb: “Dərhal müştəri xidmətinə müraciət etdim. Bildirdilər ki, internetə qoşulub və 431 meqabayt internet trafikindən istifadə etmişəm. Onları başa salmağa çalışdım ki, deyilən meqabaytdan istifadə etməmişəm. Haqqımı onlara başa sala bilmədim. Bu fırıldaq barədə yazılı müraciətlərimə də əhəmiyyət verilmədi”.

Məlahət İbrahimqızı: “”Azercell” “İstehlakçı Hüquqları haqqında Qanun”u pozur”

Araşdırmalar və redaksiyamıza daxil olan şikayətlərə əsasən demək olar ki, abunəçilərin “Azercell”dən aldığı kredit faizləri də çox yüksəkdir. Belə ki, 1 manat müqabilində 20, 1.40 manata 28, 2 manata isə 40 qəpik pul tutulur. Faizlər yüksəkdir, xüsusilə 9150 və 9250 xidmətlərindən istifadə edən abunəçilər daha çox haqsızlığa məruz qalırlar. Belə ki, 1.20 manat borc qarşılığında nömrəyə 1 manatlıq danışıq kartı yükləyən abunəçinin balansından kredit borcu qarşılığında 96 qəpik tutulur. Eyni hal 9250 xidmətində də təkrar olunur.

Eləcə də digər operatorların abunəçilərinə edilən zənglərin müqabilində operatorun çıxdığı məbləğ, xarici ölkələrə edilən zənglərlə eyni qiymətə malikdir. Məsələn, Rusiyaya edilən 10 saniyəlik zəngə görə, “Azercell” balansdan 30-40 qəpik aralığında məbləğ çıxır. “Azercell”in göndərilən mesajlar üçün nəzərdə tutduğu qiymətlər də bahadır. Göndərilən bir mesaj üçün balansdan 3 qəpik silinir. 3 qəpiklik qiymət məsələn, 1 manatlıq danışıq kartı yükələyən abunəçi üçün yüksək məbləğdir.

Millət vəkili Məlahət İbrahimqızı “Azercell”in danışıq tariflərinin baha olmasından təəssüfləndiyini qeyd etdi. Bildirdi ki, xaricdən ölkəyə qayıtdıqdan sonra danışıq qiymətləri ilə bağlı böyük məbləğdə borclar ünvanlara göndərilir: “”Azercell”də heç bir güzəşt yoxdur. Aparılan reklamlar sadəcə görüntü xarakteri daşıyır. Sözləri ilə əməlləri üst-üstə düşmür. Bu da “İstehlakçı Hüquqları haqqında Qanun”un kobud surətdə pozulması deməkdir”.

Əliməmməd Nuriyev: “”Azercell” inhisarçılığa, monopoliyaya yol verir”

“Konstitusiya Araşdırmalar Fondu”nun prezidenti Əliməmməd Nuriyev “Azercell”in abunəçiləri aldatmasını özbaşınalıq kimi qiymətləndirdi. Qeyd etdi ki, inhisarçılığa, monopoliyaya yol verən “Azercell” bununla qanunlara hörmətsizlik göstərmiş olur: “Zaman-zaman “Azercell”ə bağlı tənqidlər, iradlar olub. Amma “Azercell” bir sıra KİV nümayəndələrini ələ alıb, onlara müəyyən yardımlar göstərdiyinə görə tənqidlər mətbuat səhifəsinə çıxarılmayıb. Amma şikayətlər kütləvi və geniş xarakter daşıdığından, artıq həmin qəzetlər məsələlərə ictimai maraqlar nöqteyi-nəzərindən yanaşmaq məcburiyyətində qalıb”.

Ə.Nuriyev “Azercell”in müştəri xidmətinə müraciət etdikdə xoşagəlməz olayla rastlaşdığını da bildirdi: “Müştəri xidmətində əyləşən iki xanım onlara müraciət edənləri dinləmək istəmirlər. Biri-biri ilə söhbət edir, öz şəxsi problemlərini müzakirə edirlər. Yalnız etiraz səsini qaldırdıqdan sonra, “Azercell” əməkdaşları könülsüz şəkildə müştərini dinləyirlər. Bu da “Azercell” əməkdaşlarının etik davranış qaydalarından uzaq olduqlarını göstərir”.

Ə.Nuriyevin sözlərinə görə, “Azercell”ə abunəçilər arasında bağlanan müqavilələrin də birtərəfli olduğunu və mobil operator bu məsələdə də abunəçilərin hüquqlarını kobud şəkildə pozduqlarını qeyd etdi. Bildirdi ki, özbaşınalığın qarşısının alınması üçün müvafiq dövlət qurumları və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məsələyə ciddi münasibət bildirməlidir.

“Azercell” PPK-ya necə və niyə işləyir?

“Azercell” mobil operatorun abunəçilərə maddi-mənəvi ziyan vurmaqla yanaşı, insanların heysiyyətinə toxunan əməllərə yol verdiyi də öz təsdiqini tapıb. Məlum olub ki, “Azercell” telecom Türkiyəni qan çanağına döndərən PKK terror təşkilatı ilə müəyyən əlaqələrə malikdir. Bu barədə KİV-də yayılan məlumatlara görə, PKK üzvlərinin biri-biri ilə telefon əlaqələri üçün “Azercell”in xidmətindən istifadə etməklə qururlar. PKK-çıların “Azercell” nömrələrindən istifadə etmələri təsadüfi deyil. Türkiyədəki terror təşkilatları və üzvləri üzərində nəzarəti gücləndirən Milli İstihbarat Təşkilatı (MİT) onların telefonlarını da dinləyir. Dəfələrlə belə dinləmələrlə PKK-nın Diyarbəkir, Şırnak, Van, Ağrı, Batman və digər kürd bölgələrində həyata keçirmək istədikləri terror planlarının qarşısını alıb. “Azercell”dən istifadə etməklə PKK üzvləri MİT-dən öz planlarını gizləməyə çalışırlar. Çünki, MİT xarici mobil operatorları dinləyə bilmir ki, bu da PKK-ya əlavə üstünlük qazandırır.

“Azercell”in yayılan məlumatlara və edilən ittihamlara göz yumması, dünyanın ən radikal terror təşkilatlarından biri kimi tanınan PKK-ya dəstək verməsi deməkdir. Görünür ki, şirkət üçün Azərbaycanın dövlət təhlükəsizliyi onun maddi maraqlarından daha üstündür.

İ.Əliyev

P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq(olaylar).

 

www.yenicag.az

586
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv