PKK Öcalanın çağırışına əməl etməsə… – Ankaranın YENİ PLANI

Abdullah Öcalanın tərk-silah çağırışına PKK əməl etməkdən imtina edəcəyi təqdirdə Ankara ətraflı fəaliyyət planı hazırlayır.

Yenicag.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, İraqın şimalındakı Qəndil düşərgəsində yerləşən silahlılar silahı yerə qoymasa, bu, onların Öcalana sədaqətini şübhə altına alacaq:

“Belə olan halda o, PKK-nın artıq onun rəhbərliyinə tabe olmadığını və xarici dövlətlərin maraqlarından çıxış etdiyini bildirərək, ictimaiyyət qarşısında təşkilatdan uzaqlaşa bilər”.

Qeyd olunub ki, PKK daha əvvəl İmralı adasındakı həbsxanada ömürlük həbs cəzası çəkən Öcalanın çağırışına cavab olaraq atəşkəs elan etmişdi:

“Lakin “partiya” israr edir ki, özünü ləğv etmək barədə yekun qərar yalnız liderin şəxsi iştirakı ilə qurultayda verilə bilər. Ankara qrupun tam və qeyd-şərtsiz tərk-silah edilməsində israrlıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prosesi ləngitmə cəhdlərinin razılaşmaların pozulması kimi qiymətləndiriləcəyini, bu halda PKK-ya qarşı hərbi əməliyyatların yenidən başlayacağını vurğulayıb”.

Nəşr bildirib ki, Türkiyə artıq bu prosesin həyata keçirilməsi üçün müddət və mexanizmləri müəyyən edib:

“Yaxın iki-üç ay ərzində vəziyyətə nəzarət olunacaq. PKK tərk-silahla razılaşarsa, silahların ötürülməsi sxemi hazırlanacaq, onlar Türkiyə və İraq hakimiyyət orqanlarına verilə, həmçinin Türkiyə və Suriya administrasiyasının nəzarəti altında Suriyada xüsusi ayrılmış zonalara yerləşdirilə bilər”./axar.az