Plan xatirinə turizm STATİSTİKASI: Azərbaycan vətəndaşları ölkəyə gələn turist kimi göstərilir

Azərbaycana gələn turistlərin sayı 34% artaraq 1 milyon 231 minə çatıb. Bununla bağlı Dövlət Sərhəd Xidməti məlumat yayıb. Gələnlərin 29,2%-i Rusiya, 17,3%-i Türkiyə, 9,7%-i Hindistan, 8,7%-i İran, 4,1%-i Gürcüstan, 3,2%-i Səudiyyə Ərəbistanı, 3,1%-i Qazaxıstan, 2,55-i Pakistan vətəndaşları olub.

Qeyd edək ki, ölkəyə gələn turistlərin sayı barədə statistik məlumatlara baxmayaraq, turizm sektorundakı xidmətlər qane edici deyil. Turizm Agentliyi bu problemləri ya görməzdən gəlir, ya da hər şeyin əla olduğunu deyir. Müştəri məmnunluğu məsələsinə diqqət etsək, görəcəyik ki, bu məsələdə çox geri qalmışıq. Turist sayındakı faiz nisbətinin artması ölkə iqtisadiyyatına hansı dərəcədə xeyir gətirir, Turizm Agentliyi bir də bu barədə məlumat verməlidir.

Mövzu ilə bağlı Yenicag.az-a danışan sosioloq Elçin Bayramlı deyib ki, bizdə ölkəyə gələnlərin hamısı turist kimi qəbul olunur. Halbuki onların 70-80 faizi işlə bağlı ölkədən gedib ölkəyə qayıdanlardır, yaxud da yas məclisi, toy və sair məsələlərlə bağlı qohumlarına baş çəkməyə gələn xaricdə yaşayan azərbaycanlılardır.

E.Bayramlı qeyd edib ki, Azərbaycanda turistlərin sayı azalır və artmasından söhbət belə gedə bilməz.

“Quru sərhədlər neçə ildir bağlı olduğuna görə, bu vəziyyətdə onların sayı kəskin şəkildə azalıb. Bunu turizm mərkəzlərində, otellərdə turistlərin say müqayisəsində görmək mümkündür. Bu səbəbdən onları turist saymaq, onu turistlərin artımı kimi qəbul etmək olmaz. Əslində, hazırda turistlərin azalması ilə bu sektorda tənəzzül gedir. Quru sərhədlərin bağlı olması, təyyarə biletlərinin yüksək qiymətə olması nəticəsində yerli turistlərin də çoxu xaricə gedə bilmir. Ölkə daxilindəki turizm müəssisələrindən istifadə edə bilirlər. Yalnız onların sayəsində yerli turizm müəssisələri fəaliyyət göstərə bilir. Turizm sektoru ancaq xaricilərin ümidimə qalsaydı, bu sektor tamamilə sıradan çıxardı”, – deyə o vurğulayıb.

Sosioloq əlavə edib ki, bir turistin bir xarici ölkədə xərlədiyi pul bizdə təkcə AZAL-ın bilet xərci qədər edir:

“Bütün illərdə ölkəmizdə belə yanaşma olub. Həqiqi turistlərin say etibarı ilə digərlərinə qatılması. Sanki plan xatirinə statistika verilir ki, ölkəyə bu qədər turist gəlib. Turist ölkəyə belə gəlmir. Gürcüstan azərbaycanlıları 100 ildir ki, kütləvi sürətdə ölkəmizə gəlib gedirlər. Rusiyada yaşayan 3-4 milyon azərbaycanlı da hərdən qohumlarına baş çəkməyə gəlir. Bundan başqa iş, təhsillə bağlı ölkəmizə səyahət edənlər də var. Bunlar da guya ölkəyə daxil olmuş turist kimi sənədləşdirilir. Belə bir şəraitdə turizmin hər hansı inkişafından, xarici turistlərin artmasından danışmaq düzgün deyil. Hava nəqliyyatı qiymətlərinin dünyada ən yüksək bizdə olduğunu nəzərə alsaq, bu qiymətlərlə heç bir turist bura gəlməz. Yəni bir turistin bir xarici ölkədə xərlədiyi pul bizdə təkcə AZAL-ın bilet xərci qədər edir. Ona görə də normal turist belə aviasiya qiymətlərini görərək, bura gəlməz. Bu sektor sərhədlərin açılmasına qədər yalnız yerli turistlərin ümidinə fəaliyyət göstərə biləcək. Hava yolu ilə gələn az sayda turist var ki, onlar da ötən illərə nisbətən dəfələrlə azdır”.

İsmayıl Bakuvi

COP29