Planetin taleyini dəyişmək üçün mümkün ssenari – Rafi Müslümov yazır

Bu gün dünyanın siyasi durumu baş-ayaq vəziyyətdədir. Bir yanda, Yaxın Şərqi qan gölünə çevirmək istəyən İsrail ilə İranın ambisiya toqquşmaları, bu biri yanda, Çinin Tayvanı hədələməsi, digər bir tərəfdə isə Ukraynanın hücumlarının arealını genişləndirməsi…

Ukraynadan söz düşmüşkən, Kiyev administrasiyası ABŞ-dəki seçkilərə yaxın, çox güman ki, regiondakı varlığı bir növ sübut etmək üçün Kursk vilayətinin ərazilərinə daxil oldu. Ukrayna ordusunun bölgədə neçə müddət davam gətirəcəyi isə sual altındadır. Görünən isə budur ki, dünyanı idarə edən qüvvələr – istəsəniz, buna dərin dövlətlər deyin – planetin sonrakı taleyinin daha da dəhşətli olması üçün mümkün ssenarilərini artıq yazıblar. 2022-ci ildən dünya nizamının çarxının çönməsi, vəziyyətin getdikcə gərginləşməsi və qaynar zonalarda müharibə risklərinin olması – bəzən isə müharibələrin baş verməsi – imperiyaların böyük ambisiyalarının həyata keçirməsinin başlandığını göstərir.

Azərbaycan isə bu məsələlərdə sakitliyini qorumaqla suyun axarı ilə axmağın tərəfdarıdır. 2020-ci il müharibəsində ölkəmizə qarşı həyata keçirilən basqı və təzyiqlərə baxmayaraq, Qarabağda suverenliyini bərpa edən Azərbaycan indi də dünyəvi proseslərin nəticəsinin nə olacağını səssizcə izləyir. Onsuz da hazırkı məqamda tərəfsiz qalmaq çox çətindir. Çünki indiki dünya 2 qütbə – kollektiv Qərb və Avrasiyaçılığın daha çox diktə edildiyi Şərqə bölünüb. Sözsüz ki, Qərbin müharibə və post-müharibə dövründə Azərbaycana qarşı olan ikili standartları, Ukrayna müharibəsində vəd olunan silahların cəbhəyə çatdırılması və bu kimi amillər rəsmi Bakını Rusiya münasibətlərinə yenidən baxmasına gətirib çıxardı. Bakıda hesab edirlər ki, Rusiya ilə kompromis əldə edərək, Azərbaycan yeni dünya nizamının sancılı dəyişkənlik prosesində zədə almadan çıxa bilər.
Lakin bu, o demək deyil ki, Azərbaycan Rusiyanın orbitində olan bəzi dövlətlərin siyahısına əlavə ediləcək. Yox, çünki buna səbəb kimi 2020-ci ildə Qarabağa daxil olan sülhməramlıları öz ərazisindən çıxaran ölkəmiz, əlbəttə ki, bir çox postsovet dövlətlərinin deməyə belə cəsarət etmədiyi addımı həyata keçirdi. Azərbaycan yaxşı anlayır ki, Rusiya ilə dost olsa da, çomağı əldən buraxmamalıdır.

Azərbaycan onu da başa düşür ki, Ermənistan Qərbə qarşı xüsusi simpatiya bəsləməsi və Moskva ilə İrəvanın gərginləşən münasibətləri haçansa dəyişə bilər. Odur ki, dünyanın qan çanağına döndüyü bu vaxtda başımızı sağlam saxlamaq isə bizim borcumuzdur…

COP29