!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polad Bülbüloğlunun Rusiyada əngəllədiyi ZƏFƏR BAYRAMI: Səfir diaspor liderlərini nə ilə təhdid edib? - VİDEO

!Reklam – Yazi

Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı möhtəşəm zəfərin 1-ci ildönümünün təntənə ilə qeyd olunduğu ölkələr arasında Rusiyanın olmaması təəccüb və sual doğurub. 

Noyabrın ilk ongünlüyündə Azərbaycanda və dost ölkələrdə qələbəmizin birinci ildönümü – Zəfər Günü müxtəlif səpkili bayram tədbirləri ilə qeyd edildi. İstər ölkədə, istərsə də xaricdə təşkil olunan tədbirlərin miqyası və səviyyəsi qələbəmizin necə böyük əhəmiyyət daşıdığının birbaşa göstəricisi oldu.

Çox əlamətdar haldır ki, Azərbaycanın böyük zəfərinə biganə qalmayan dövlətlərin paytaxtlarında və böyük şəhərlərindəki prestijli məkanlar ölkəmizin dövlət bayrağının rənglərinə boyanmaqla, həmrəylik nümayişi yaşandı.

Ancaq təəssüf ki, bu sözləri Azərbaycan diasporunun nisbətən güclü və çoxsaylı olduğu bütün ölkələrə şamil etmək imkan xaricindədir. Təsəvvür edin ki, 8 Noyabr Zəfər Günü Avstraliyadan Amerikaya qədər onlarla ölkədə qeyd olunduğu halda, Rusiyadakı soydaşlarımız bu bayramı görməzdən gəldilər. Əslində, soydaşlarımızın ən çox yaşadığı xarici ölkələr sırasında Rusiyanın öndə gəldiyini nəzərə alsaq, mənzərə tam fərqli olmalı idi.

Rusiya ilə bağlı cüzi istisna bundan ibarətdir ki, Zəfər Günü yalnız Rusiyanın Yekaterinburq şəhərindəki konsulluğumuzda çox yığcam formada, əməkdaşların və mühafizəçilərin iştirakı ilə qeyd olunub.

Yenicag.az-ın əldə etdiyi məlumata əsasən, Rusiyadakı soydaşlarımızın Zəfər Gününə bu qədər laqeyd yanaşmaları heç də səbəbsiz olmayıb və bu, haradasa, məcburiyyətdən irəli gələn passivlik kimi də qiymətləndirilə bilər. Nə qədər acınacaqlı olsa da, Rusiyadakı azərbaycanlıların “8 Noyabr”ı görməzdən gəlmələri Moskvadakı səfirimiz, ictimai rəydə “Rusiyanın Rusiyadakı səfiri” imici qazanmış Polad Bülbüloğlunun “xidmətidir”.

Daxil olan informasiyaya görə, məhz Polad Bülbüloğlu Zəfər Günü ərəfəsində Rusiyadakı diaspor liderlərinə xəbərdarlıq edərək, onları hər hansı bayram tədbirinin təşkilindən çəkinməyə çağırıb. Başabəla səfir hətta onları şantaj edərək, bayramın qeyd olunması üzündən problemlərlə üzləşəcəkləri təqdirdə, səfirliyin onlara heç bir yardım göstərməyəcəyini deyib. Səfirin bu təhdidini nəzərə almamağın onlar üçün ciddi başağrısına çevriləcəyini hesablayan diaspor liderləri də 8 Noyabr Zəfər Gününü sükutla yola veriblər.

Göründüyü kimi, az qala hər addımında Azərbaycanın milli maraqlarının qorunmasına deyil, pozulmasına çalışan Polad Bülbüloğlunun sayəsində Zəfər Günü Rusiyada görməzdən gəlindi. Təbii ki, Azərbaycanda işğalçı ermənilərə münasibətin getdikcə pisləşməsindən çox narahat olan Bülbüloğlunun səfir olduğu ölkədə başqa nəticə gözləməyə dəyməzdi…

A.Zeynalov

www.yenicag.az

1096
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv