“Polad Həşimovun adı bu küçəyə verilsin” – Ekspertdən TƏKLİF

“Salyan yolu, Yeni Salyan yolu adı heç kimə lazım deyil, amma şəhidlərimizin adını əbədiləşdirmək daha faydalı olar”.

Yenicag.az xəbər verir ki, bu sözləri Yeni Salyan yolu küçəsinə şəhid general-mayor Polad Həşimovun adının verilməsini təklif edən nəqliyyat eksperti Elməddin Muradlı deyib.

Elməddin Muradlı paytaxtın 3 əsas giriş nöqtəsindən birinə Polad Həşimovun adını verməyin sakinlərin də ürəyincə olacağını qeyd edib:

“General Polad Həşimov prospekti, yoxsa Salyan yolu? Jurnalist, QHT sədri və yol hərəkəti qaydaları üzrə ekspert olaraq ölkə rəhbərliyindən, Bakı şəhər İcra Hakimyyətindən xahişim var. Jurnalistlər binasının da yerləşdiyi Yeni Salyan yolu küçəsinə şəhid generalımız Polad Həşimovun adı verilsin. Salyan yolu, Yeni Salyan yolu adı heç kimə lazım deyil, amma şəhidlərimizin adını əbədiləşdirmək daha faydalı olar.

Böyük bir küçədir, Lökbatan dairəsindən Su İdmanı Sarayına qədər, lap elə Bayraq Meydanınınadək generalımızın adını vermək və prospekt adlandırmaq olar. Bakının 3 əsas giriş nöqtəsindən birinə Polad Həşimovun adını vermək həmin ərazidə yaşayan hər kəsin ürəyincə olacaq. Təklifimi dəyərləndirsəniz bütün sakinlər adından minnətdarlıq edərik. Bu məsələdə dəyərli millət vəkillərimizdən, ictimaiyyət nümayəndələrindən dəstək istəyirəm”.