Polis Akademiyasında andiçmə mərasimi keçirildi – FOTO

Bu il Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasına qəbul olunan və ilkin hərbi hazırlığı başa vuran kursantların sentyabrın 14-də andiçmə mərasimi keçirilib.

DİN-in Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, mərasimdə əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Mərasimdə Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev çıxış edərək respublikanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun təbrikini və ən xoş arzularını tədbir iştirakçılarına çatdırıb.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin qayğısı ilə inkişaf yoluna çıxan, ölkə və DİN rəhbərliyinin xüsusi diqqəti və tələbkarlığı ilə ən müasir ali təhsil müəssisələrindən birinə çevrilən Polis Akademiyası indi böyük tərəqqi və təkmilləşmə dövrünü yaşayır. Akademiya daxili işlər orqanları üçün yüksək səviyyəli ali hüquq təhsilli zabit kadrlar hazırlayır. Məhz yaradılan şəraitin nəticəsidir ki, Akademiyanın təmsilçiləri respublika və beynəlxalq səviyyəli bilik və idman yarışlarında uğurlara imza atırlar.

N.Əliyev əminliyini bildirib ki, bu gün and içən hər bir gənc öz şəxsi nümunəsi ilə polisin cəmiyyətdəki nüfuzunun daha da artmasına çalışacaq, onun şanlı ənənələrinə layiq olacaq, etimadı və inamı doğruldacaq. Akademiyanın rəisi kursantlara dövlətə, dövlətçiliyə və xalqa hər zaman sədaqətli olmağı, yaxşı oxumağı, hüquqi bilikləri incəliklərinədək öyrənməyi tövsiyə edib.

Sonra Polis Akademiyasına qəbul olunan və ilkin hərbi hazırlığı başa vuran kursantlar polis andını içiblər.

Kursantlar çıxış edərək bildirib ki, bu gün onların həyatında ən əlamətdar günlərdən biridir və bu anlar çətin, məsuliyyətli, həm də çox şərəfli polis sıralarına ilk qədəmlərini qoymaq hüququ qazanan hər bir gənc üçün qürurvericidir.

Mərasim “Polis Akademiyasının marşı”nın sədaları altında təntənəli keçidlə başa çatıb.

COP29