Argentina millisinin sabiq futbolçusu Luço Qonzalezin arvadı Andreia Markez ərindən polisə şikayət edib.
Yenicag.az xəbər verir ki, Markez şikayətində hücuma məruz qaldığını, əri tərəfindən ölümlə hədələndiyini bildirib.
“Məni boğmağa, biləklərimi kəsməyə çalışdı. Terrasa çıxdım, o da gəlib məni eyvandan aşağı atmaq istədi. Həmin an uşaqlarıma səsləndim. Onlar həyətdə itlə oynayırdılar. Yataqda boğazımı sıxıb, “səni öldürəcəm” dediyi anda onu məndən uzaqlaşdırmaq istəyən 7 yaşlı oğlum Mateonu da itələdi”, deyə qadın açıqlamasında bildirib.
Koritiba polisi faktla bağlı araşdırmalara başlayıb. Polisin qərarına əsasən, Luço 90 gün ərzində arvadından və uşaqlarından 500 metr aralı gəzməlidir. Bundan başqa Andreia Markez üçün polis qoruması da təşkil edilib.
Qeyd edək ki, 36 yaşlı Luis Oskar Qonzalez son olaraq Braziliyanın “Atletico Paranaense” klubunda çıxış edib.