Polisə düşən Namiq: “Dedim gözəlsən, burada seksual hərəkət var?”

“Bu mənə qarşı hazırlanan bir ssenaridir. Heç bir qadını döyməmişəm, kamera görüntüləri də var. Polis baxıb, araşdırıb. Sadəcə şər-böhtandır”.

Tanınmış aşıq Namiq Fərhadoğlu Yenicag.az-a açıqlamasında bir qadını döyməsi, seksual hərəkətlər etməsi və buna görə polisə düşməsi ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyib.

Namiq Fərhadoğlu bir tanınmış aşıq tərəfindən ona oyun qurulduğunu bildirib:

“Bilirəm ki, bu işin başında bir aşıq dayanır. Onun da məqsədi var. Görür ki, gündəmdəyəm, toylarım, məclislərim çoxdur, gündə efirdəyəm, başlayır məni vurmağa. Özüm adını çəkmirəm. Özü ilə də danışmışam, boynundan atır. Döyüldüyünü iddia edən o qadın həmin aşığın tələbəsidir. Heç kimi döyməmişəm, söyməmişəm, təhqir etməmişəm. Lap tutaq ki, ona “gözəl” deyə müraciət etmişəm, burada seksual hərəkət var? Subay oğlanam, deyəndə nə olacaq ki..? Burada nə var ki? Cabir Novruz demişkən: “Hərdən çirkinə də gözəlsən deyin”.

Qeyd edək ki, “Report”un xəbərinə görə, tanınmış aşıq Namiq Fərhadoğlu barəsində hüquq-mühafizə orqanlarına şikayət daxil olub. Şikayətçi E.R. (şərtidir) hüquq-mühafizə orqanlarına şikayət edərək N.Fərhadoğlu tərəfindən döyüldüyünü və aşığın ona qarşı seksual xarakterli hərəkətlər etdiyini iddia edib.

Cəvahir