!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polisi döyən deputatla bağlı QƏRAR verildi

!Reklam – Yazi

Milli Məclisin İntizam komissiyasının bu gün keçirilən iclasında deputat Eldəniz Səlimov çıxış edib.

Yenicag.az xəbər verir ki, toplantıda deputat etdiyi əməli etiraf edərək həmkarlarından üzr istəyib.

E.Səlimov toplantıda çıxışı zamanı uzun müddət Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olduğunu və dövlətə xidmət etdiyini qeyd edib.

Sonda komissiya üzvlərinin hamısı (11 nəfər) Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə göndərdiyi təqdimatın lehinə səs veriblər. Bununla da komissiya deputat E.Səlimovun toxunulmazlığına xitam verilməsi barədə rəy qəbul edib.

Məsələ müzakirələrdən sonra parlamentin sabah – avqustun 3-də keçiriləcək plenar iclasına tövsiyə olunub./Report/

***

Polisi döyən deputat Eldəniz Səlimovun Cinayət Məcəlləsinin hansı maddəsi ilə təqsirləndirildiyi məlum olub.

Milli Məclisdən Yenicag.az-a verilən məlumata görə, avqustun 2-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.

İclası açan komissiyanın sədri Eldar İbrahimov bildirib ki, gündəliyə 55 saylı Xaçmaz şəhər seçki dairəsi üzrə Milli Məclisin deputatı Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi barədə məsələ daxildir.

Eldar İbrahimov diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Milli Məclisin sədri Sahibə Qafarovaya deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün təqdimat göndərib. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən təqdimata İntizam Komissiyasında baxılmalıdır.

Bildirildi ki, Milli Məclisin deputatı Eldəniz Səlimovla bağlı material Baş Prokurorluqda araşdırılıb və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb, istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır. Konstitusiyaya əsasən, deputatın şəxsiyyəti toxunulmazdır. Ona görə də Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi zərurəti yaranıb.

İclasda çıxış edən deputat Eldəniz Səlimov hadisə üzrə təqsirli olduğunu və peşmançılıq hissi keçirdiyini bildirib.

Tədbirdə İntizam komissiyasının üzvləri Fəzail Ağamalı, Hikmət Məmmədov, Nizami Səfərov, Afət Həsənova, Məlahət İbrahimqızı, Nəsib Məhəməliyev, Məşhur Məmmədov, Madər Musayev və komissiyanın katibi Nurlan Həsənovun fikirləri dinlənildikdən sonra Milli Məclisin deputatı Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi barədə məsələ parlamentin plenar iclasında müzakirəyə tövsiyə edilib.

www.yenicag.az

616
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv