Polisin cərimələdiyi məşhur meyxanaçı: “200 əvəzinə 400 manat aldılar”

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı tanınmış meyxanaçı Mehman Əhmədli bir neçə həmkarı ilə birgə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, 400 manat məbləğində cərimə edilib. Səbəb olaraq karantin qaydalarının pozulması göstərilir.

Yenicag.az-a açıqlama verən M. Əhmədli narazılığını ifadə edib:

“Biz restoranın açılışında iştirak etdik, 10 dəqiqə meyxana deyib gedəcəkdik. Polislər gəldi, o qədər millət qaldı, bizi və beş-altı nəfər adamı tutub apardı. Bizə 200 manat əvəzinə, 400 manat cərimə yazdılar. İlin-günün bu vaxtı, bu, birbaşa nakaut deməkdir. Olmaz axı belə. Bizi niyə cərimələyiblər axı, bizi dəvət ediblər, gedib, 10 dəqiqə meyxana deyəcəkdik. Qaydalara əməl olunurdusa, hamını cərimələyəydilər də, tək biz idik bəyəm qaydanı pozan?”

Cəvahir