“Polisin dananı güllələməsi tamamilə qanunidir” – Maraqlı AÇIQLAMA

“Azərbaycanda qeyri-adi olay: Polis dananı güllələdi” başlıqlı xəbər ötən gündən bəri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Yenicag.az xəbər verir ki, polisin Abşeronda qəssabın əlindən qaçan dananı sakinləri qorxuya salması və ətrafdakı avtomobilləri əzməsinə görə zərərsizləşdirməsi birmənalı qarşılanmayıb.

Sosial şəbəkə istifadəçiləinin bir qismi bu cür davranışı düzgün hesab etmədiklərini bildiriblər. Bəziləri isə vurulan danaya görə heyvan sahibinə dəyən ziyanı kimin qarşılayacağını sual ediblər.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan hüquqşünas Rəşad Əliyev deyib ki, Mülki Məcəllənin tələbinə görə, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur:

“Bu zaman heyvanın nəzarət altında olmasının, itməsinin və ya qaçmasının əhəmiyyəti yoxdur. Polisin məsuliyyətinə gəlincə, polis əməkdaşı digər şəxslərin həyati təhlükəsinin qarşısının alınması, sağlamlığına və əmlaklarına zərər vurulmasının qarşısını almaq üçün son zəruri addımdırsa, hər hansı məsuliyyət daşımayacaq”.

Hüquqşünasın sözlərinə görə, əgər heyvan sahibi hesab etsə ki, polisin belə bir addım atmasına ehtiyac yox idi və zərurət olmadan silahdan istifadə edərək heyvanın məhv olmasına səbəb olub, bu halda kompensasiya tələb edə bilər.