“Zənnimcə, Gürcüstanda son zamanlar azərbaycanlı deputatlara qarşı, habelə azərbaycanlıların öz aralarında dava-dalaş salması kimi baş verən olayların arxasında “boz kardinal” Bdzina İvanaşvili dayanır. Bununla da o və hakimiyyətdə olan qüvvələr Gürcüstanda yaşayan gürcülərlə azərbaycanlılar arasında nifaq toxumu səpməyə çalışırlar”.
Bu sözləri Yenicag.az-a açıqlamasında son zamanlar Gürcüstanda bəzi qüvvələrin azərbaycanlı deputatların “ovuna” çıxmasına münasibət bildirərkən politoloq Qabil Hüseynli deyib:
“Bu təxribatların hamısı Gürcüstanda yaranmış daxili siyasi böhranı ləngitmək və ayağa qalxan kütlələrin üzərinə kül üfürmək xarakteri daşıyır. Bidzina İvanişvili yaxşı başa düşür ki, “Gürcü arzusu” bloku insanlara verdiyi vədlərin demək olar ki, heç birini yerinə yetirməyib. Hökumət də uğursuz fəaliyyət göstərir. Amma “Gürcü arzusu” blokunun uğursuzluğunun başlıca səbəbi həmin “boz kardinal”dır. O Gürcüstandakı bütün bankları ələ keçirib. Əsas kommersiya strukturları da onun nəzarəti altındadır. Qeyri-rəsmi məlumatlara görə, Rusiyada 5 milyard dollar qazanmış İvanişvili həmin məbləği Gürcüstandakı fəaliyyəti dövründə daha 2 milyard dollar da artırıb. Yəni Gürcüstanda yaşanan qarşıdurmalarda, o cümlədən azərbaycanlı deputat Azər Süleymanovla bağlı insidentdə, guya heç bir səlahiyyət daşımayan, əslində qeyri-məhdud hakimiyyətə malik olan və istənilən hakimiyyət strukruruna təsir göstərməyi bacaran İvanaşvilinin rolu vardır. O, ölkədə genişlənən etiraz dalğasını zəiflətmək üçün millətlərarası nifaqa da əl atır. Təəssüflər olsun ki, bunun üçün də azərbaycanlılardan bir-birinə qarşı kompromat kimi istifadə edirlər. Bu məsələdə Marneulinin meri Temur Abazov və Elçin Allahverdiyev adlı bir vətəndaş çıxış edir. Allahverdiyev də “Gürcü arzusu” blokunun üzvüdür. Deputat Azər Süleymanov isə Saakaşvilinin partiyası olan Milli Hərəkat Partiyasının təmsilçisidir. İvanişvili tərəfdarları da əsas zərbəni Saakaşvili və onun partiyasına vurmaq üçün Azərbaycan əsilli Allahverdiyevdən istifadə etməyə çalışırlar. Guya Allahverdiyevi Marneuli meri təhqir edib və Azər Süleymanov da bu prosesdə iştirak edib. Buna görə də Süleymanova qarşı guya insanları təhqir etdiyinə görə cinayət işi qaldırılıb. Sadəcə olaraq, deputat toxunulmazlığı olduğundan hələlik onu həbs edə bilmirlər. Yəqin ki, parlamentdə onun deputat toxunulmazlığının qaldırılmasına çalışacaqlar. Qəribəsi odur ki, bütün bu prosesdə iştirak edənlər azərbaycanlılardır: döyülən, təhqir edildiyi deyilən, haqqında cinayət işi qaldırılan da həmçinin”.
Q. Hüseynli əmindir ki, qonşu ölkədə yaşanan insident, başda İvanişvili olmaqla hakimiyyətdə olan qüvvələrin qurduqları oyundur:
“Məqsəd də azərbaycan xalqı ilə gücrü xalqı arasında ziddiyyət yaratmaqdır. TANAP layihəsinin açılışına Gürcüstan prezidentinin getməməsi də birbaşa İvanişvilinin adı ilə bağlıdır. Belə olan halda əhalinin diqqətini etirazlardan yayındırmaq üçün təxribatlar yaradırlar. Saakaşvili də məsələ ilə bağlı bəyanatla çıxış edib. Əminəm ki, hadisələr müəyyən həddə çatdıqdan sonra əhalinin əksəriyyəti prosesin kimin əli ilə qızışdırıldığını biləcək və o zaman hadisələr öz yerini tapacaq”.
Qeyd edək ki, Gürcüstanda azərbaycanlı deputat Azər Süleymanovun həbsinə order verilib. O guya ki, Marneulidə hakim “Gürcü arzusu” blokundan olan yerli sakinin alçaldılması ilə bağlı insidentdə iştirak edib.
Süleymanovun parlament üzvü kimi toxunulmazlığı hələlik onu saxlanma və həbsdən müdafiə edir.
ELÇİN