Politoloqdan çağırış – “Helikopterləri sərhədlərimizi pozarsa, vurulacaq”

“Azərbaycan bununla bağlı Ermənistan rəhbərliyinə rəsmi xəbərdarlıq etməlidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında  politoloq Elxan Şahinoğlu deyib.

O, bildirib ki, Ermənistan rəhbərliyinin Dağlıq Qarabağa qanunsuz səfərlərinin qarşısını almaq üçün rəsmi Bakı öz ritorikasını və davranışlarını sərtləşdirməlidir:

“Təqribən iyirmi beş ildir  Ermənistan rəhbərliyi – prezident, baş nazir və digər yüksək çinli məmurlar Dağlıq Qarabağa qanunsuz səfərlər edir və oradan təxribatçı bəyanatlar verirlər. Bu sırada Paşinyan da istisna deyil – onun Dağlıq Qarabağa gedəcəyi və belə fikirlər səsləndirəcəyi gözlənilən idi.

Azərbaycan Xarici İşlər Nazirliyinin bu məsələyə dair bəyanatlarının yetərli olmadığı göz qabağındadır. Məncə, bu prosesdə artıq Müdafiə Nazirliyi önə çıxmalı və açıq bəyan etməlidir ki, belə təxribatlar cəbhədə gərginliyi artıracaq.

Eyni zamanda, qarşı tərəf itki verməlidir ki, Ermənistan rəhbərliyi bu cür hərəkətlərin onlara necə baha başa gəldiyini anlasınlar.

Mən bu çərçivədə Xarici İşlər Nazirliyinin fəaliyyəti üzərində xüsusi dayanmaq istəyirəm. Bildiyiniz kimi, bizim xarici siyasət idarəsi bir qrup xarici jurnalistə Dağlıq Qarabağa səfər etməyə icazə verdi.

Ancaq gəlin görək, o xarici jurnalistlər Dağlıq Qarabağda hansı işlərlə məşğul oldular? Əvvəla, onlar Xankəndində Paşinyanı müşayiət etdilər və onun mətbuat konfransını işıqlandırdılar, təxribatçı fikirlərini bütün dünyaya yaydılar. Yaxşı, bunun bizə nə faydası oldu ki?

Həmçinin, xarici jurnalistlər işğal altındakı digər bölgələrə – Laçın, Qubadlı, Zəngilan və digər rayonlara gedib ermənilərin orada törədikləri vəhşiliklərlə tanış olmadılar, o cümlədən, Xankəndində girov saxlanılan iki azərbaycanlı ilə də görüşmədilər.

Yəni Azərbaycan Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağa səfər etməyə icazə verdiyi xarici jurnalistlər oraya gedib separatçıların təbliğatını apardılar. O baxımdan, bu məsələlərdə çox diqqətli və həssas olmalıyıq.

Digər tərəfdən, görürük ki, Paşinyan da öz sələfi olan Sərkisyanın fikirlərini təkrarlayır. Bu isə o deməkdir ki, Azərbaycan Paşinyana gələcəkdə üzləşəcəyi problemləri indidən anlatmalıdır”.

Şahinoğlunun fikrincə, Azərbaycan Ermənistan rəhbərliyini Dağlıq Qarabağa qanunsuz səfərlərdən çəkindirmək üçün təsirli addımlar atmaldır:

“Əslində, Azərbaycan bununla bağlı Ermənistan rəhbərliyinə rəsmi xəbərdarlıq etməlidir ki, onların təyyarə və ya helikopterləri sərhədlərimizi pozarsa, vurulacaq. Azərbaycanın buna tam haqqı var. Ancaq bu o anlama gəlmir ki, Azərbaycan həmin təyyarə və helikopterləri həmən vurub salacaq.
Bu, daha çox psixoloji effektə hesablanmalıdır. Ermənistan rəhbərliyi bilməlidir ki, onlar Dağlıq Qarabağa qanunsuz səfər etməklə, özlərini necə təhlükəyə atırlar. Rəsmi Bakıdan belə açıqlamalar olmadıqca, Ermənistan rəhbərliyi də özünü əmin-arxayın hiss edəcək.

Ümumiyyətlə, belə düşünürəm ki, Paşinyan baş nazir seçildikdən sonra Azərbaycanın ritorikası xeyli sərtləşməlidir. Yəni Paşinyan İrəvanın Qarabağ siyasətini dəyişməyəcəksə, bu halda ona da Sərkisyanın aqibəti yaşadılmalıdır”.

Qeyd edək ki, xarici jurnalistlərin müşayiəti ilə Dağlıq Qarabağa səfər edən Ermənistanın yeni baş naziri Nikol Paşinyan Xankəndində keçirdiyi mətbuat konfransında Azərbaycanın ünvanına təhdidedici fikirlər səsləndirib.

A.Zeynalov

COP29