“Növbəti mərhələdə Türkiyə ilə Rusiya arasında bu məsələlərlə əlaqədar gərginlik yaşanacaq”.
Bu sözləri bu gün Avropa İttifaqı, ABŞ və Ermənistan arasında keçiriləcək görüş və bunun regiona təsirini şərh edən politoloq Qədir Aslan Yenicag.az-a açıqlamasında deyib.
Qədir Aslan bildirib ki, Qərbin Ermənistan siyasəti Azərbaycana yox, Rusiyaya qarşıdır.
“2018-ci ildə Paşinyanın hakimiyyətə gəlməsi ilə başlayan Ermənistanın Rusiyadan qoparılmasının birinci mərhələsi bu gün başa çatır. Baş verənləri elə təqdim edirlər ki, sanki hər şey Azərbaycana qarşıdır. Əslində bu belə deyil, Qərb dairələri də açıq mesaj verdi ki, Azərbaycana qarşı deyil. Demək ki, Rusiyaya qarşıdır”, – deyə o bildirib.
Politoloq qeyd edib ki, Paşinyan özünü siyasi əmtəəyə çevirə bilib:
“Əvvəl hakimiyyətə gələndə heç kim idi, indi isə regional proseslərin ən açar oyunçularından birinə çevrilib. Pərdə arxasında Türkiyənin prosesləri koordinasiya etdiyini görürəm. Türkiyə də Ermənistana güvəncəni öz adından yox, NATO adından verir. Növbəti mərhələdə Türkiyə ilə Rusiya arasında bu məsələlərlə əlaqədar gərginlik yaşanacağı görünür. Türkiyə Rusiyanın müxbir hesablarını bağlayıb, Türkiyə şirkətləri Rusiyadan çıxmağa başlayıb. Görünən odur ki, Türkiyə ABŞ-dan dəstək alıb.
Azərbaycanın Ermənistanla bağlı Marşal planı olmalı idi. Qərb Ermənistana nə vəd edirsə, biz onu vəd etməli idik. İcazə verməməliyik ki, Ankara və Bakının saqqalını altından Ermənistanı oğurlayıb aparsınlar. Ermənistan Türkiyə və Azərbaycansız Qərbə üz tutsaq, tarixi torpaqlarla bağlı məsələlərdən əlimizi üzməli olacağıq”.
Səxavət Məmməd