Polşa Avropa Komissiyasına sentyabr ayında ölkədə baş verən daşqınlarla bağlı maliyyə yardımı üçün müraciət edib.
Yenicag.az xəbər verir ki, bu barədə RMF24 portalı məlumat yayıb.
Bölgədəki yerli icra strukturlarının bildirdiyinə görə, infrastrukturda yaranmış zərər və ümumi xərclərin məbləği 13 milyard zlotidən (3 milyard avrodan çox) artıqdır.
Qeyd edək ki, Polşa Aşağı Sileziya, Opole, Sileziya və Lyubuş vilayətlərində baş verən sentyabr daşqınlarından sonra Avropa İttifaqının Həmrəylik Fondundan maliyyə yardımı almaq üçün müraciət edib.
“Daxili İşlər və İdarəetmə Nazirliyinin məlumatına görə, vilayətlər və nazirliklərin göndərdiyi hesabatlara əsasən infrastrukturda yaranmış zərər və çəkilən xərclər 13 milyard zlotidən çoxdur”, – nazirliyin məlumatında deyilir.
Nazirlik qeyd edib ki, Avropa Komissiyasına təqdim edilən müraciətdə, o cümlədən təbii fəlakətin vurduğu birbaşa zərərlər, onun əhali, iqtisadiyyat və ətraf mühitə təsiri barədə məlumatlar yer alıb.
Bundan əlavə, müraciətə Daxili İşlər Nazirliyinə tabe olan fövqəladə yardım xidmətləri üçün maliyyələşmə məsələləri də daxil edilib. Buraya təxliyə və xidmətlərin yerləşdirilməsi, avadanlıq, yanacaq xərcləri, su basmış ərazilərin təmizlənməsi və bərpası üçün ayrılan vəsaitlər daxildir. Eyni zamanda, zərər çəkmiş ailələr üçün müvəqqəti yaşayış yerlərinin təmin edilməsi və zərər görmüş elektrik şəbəkəsinin bərpası üçün tələb olunan vəsaitlər də nəzərə alınıb.
Müraciət Daxili İşlər və İdarəetmə naziri Tomaş Semonyak tərəfindən imzalanıb. Nazirlik qeyd edib ki, təklif hökumətin daşqından zərər çəkmiş ərazilərin bərpası məsələləri üzrə səlahiyyətli nümayəndəsi, nazir Marçin Kervinski ilə razılaşdırılıb.
Hazırda ölkənin cənub-qərb bölgəsində sentyabr daşqınının vurduğu ziyanların aradan qaldırılması üçün bərpa işləri davam edir. Çərşənbə günü Daxili İşlər Nazirliyi bildirib ki, daşqın nəticələrinin aradan qaldırılması üçün 2 milyard 130 milyon zlotidən çox vəsait ayrılıb. Bunun 640 milyon zlotidən çoxu zərər çəkənlərə yardım kimi ödənilib.
Təbii fəlakətin miqyasına görə hökumət sentyabrın 16-da Aşağı Sileziya, Opole və Sileziya vilayətlərinin bəzi ərazilərində 30 günlük fövqəladə vəziyyət elan edib. Daha sonra bu rejim Lyubuş vilayətini də əhatə edəcək şəkildə genişləndirilib.
“Boris” adlı fırtına sentyabr ayında Mərkəzi Avropanı, o cümlədən Polşanı vurub. Nəticədə 27 nəfər həyatını itirib və 2 milyard avro məbləğində ziyan dəyib.
Polşada təbii fəlakətdən ən çox Aşağı Sileziya və Opole vilayətləri zərər görüb. Rəsmi məlumatlara əsasən, 10 polşalı həyatını itirib, minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Rafi Müslümov