“Polşanın Ukraynaya, yaxud hansısa bir hissəsinə sahiblik niyyətləri sezilir” – Polkovnik

“Ukraynadakı müharibədə bütün tərəflər uduzacaq. Udan ancaq hərbi sənaye kompleksləri və silah satışı ilə məşğul olan qurumlar olacaq”.

Bunu Urkayna-Rusiya müharibəsinin gedişi, müharibə fonunda NATO güclərinin Polşaya yerləşdirilməsi və Rusiyanın buna verdiyi sərt cavabı şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.

Şair Ramaldanov bildirib ki, dünya artıq Ukrayna məsələsindən yorulub:

“Bütün dünya, müharibəni alovlandıran qüvvələr də müəyyən siyasi addımlar atmaq məcburiyyətindədirlər. Çünki istər sanksiyalar, istər hərbi texnikanın göndərilməsi prinsip cəhətdən gözlənilən nəticəni vermir. Getdikcə iqtisadi, ərzaq problemləri dərinləşməyə başlayır. İnsanların sosial vəziyyəti getdikcə pisləşir. Bu da hansısa sosial partlayışa gətirib çıxara biləcək istiqamətdir.

Əvvəl bəzi ölkələr problemin dərinləşməsində maraqlı idi. Artıq görünür ki, fikirlər dəyişir. Siyasi arenada artıq danışıqlar yolu ilə problemin həlli yolunda çağırışlar daha çoxdur. Zelenskinin çıxışı əvvəl ayaq üstə qarşılanırdısa, artıq o formada reaksiya yoxdur. Görürük ki, Almaniya kimi dövlət silahın, texnikanın göndərilməsini ləngidir. Bu tendensiya digər ölkələrdə də yaşanır. Prosesdə fəal iştirak edən ölkələr artıq öz ölkələrinin iqtisadi və sosial problemlərini düşünürlər. Kapitalizm dövründə yaşayırıq. Kapital qoyulan yerdən gəlir gəlməlidir. Ukraynaya nə qədər silah, sursat göndərsələr də, yardımlar etsələr də, artıq bilirlər ki, qarşılığında heç nə ala bilməzlər. Görünən odur ki, müəyyən qüvvələr Ukrayna üzərindən böyük pullar əldə etmək üçün addımlar atıblar. Bu barədə artıq infomasiyalar yayılmağa başlayır.

Hiss olunur ki, NATO ölkələri köhnəlmiş texnika, resursu bitmiş, yaxud bitməkdə olan, təmir üçün böyük pullar tələb olunan texnikaları Ukraynaya göndərir. Bununla onlar hərbi texnika parkını yeniləmək istəyirlər. Artıq vəziyyət dəyişib. Artıq zaman müharibəni səsləndirənlərin xeyrinə yox, daha çox əleyhinə işləməyə başlayır. Ona görə də dünyada Ukraynada gedən müharibəyə münasibət sülhə doğru dəyişəcək”.

Polşaya NATO qüvvələrinin yerləşdirilməsi və Rusiyanın xəbərdarlığına isə hərbi ekspert aşağıdakı kimi münasibət bildirib:

“Polşanın müəyyən siyasi məqsədləri var. Polşanın Ukraynaya, yaxud hansısa bir hissəsinə sahiblik niyyətləri sezilir. Atılan addımlar da bu istiqamətdə gedir. Ukrayna rəhbərliyi hər şeyə hazırdır ki, proses dayansın. Çünki anlayır ki, təkbaşına heç nə edə bilməyəcək. Gec-tez haqq öz yerini tapır. Ukrayna ətrafında gedən çirkin niyyətlər üzə çıxır. Düşünürəm ki, müharibə əleyhinə olan ən böyük qüvvə müharibəni qızışdırmaqda maraqlı olan ölkələrdəki sosial vəziyyətdir. Proses getdikcə dərinləşir. Dövlət rəhbərləri prosesi idarə etməkdə çətinlik çəkir.

Ukraynanın anbarlarındakı köhnə sovet texnikaları, sursatları tükənib, artıq NATO-nun da köhnə texnikası və silahları da tükənmək üzrədir. Yeni texnikalar çox bahalı olduğundan oturub hesablamalı olurlar ki, bu qədər bahalı texnikaları Ukraynaya verməyə dəyərmi?

Ukraynanı hərbi cəhətdən dəyərləndirsək, ora haradansa texnika gətirməklə nəyəsə nail olmağı ancaq hərbi sahədə olmayan adamlar düşünə bilər. NATO Ukraynanın hava sahəsinin təhlükəsizliyini təmin edə bilmədi, belə olan halda, başqa şeylərdən danışmaq yersizdir. Rusiya bütün əraziyə həm havadan nəzarət edir, həm logistik yollara. Belə olan halda, vəziyyəti anlayan şəxslər müharibənin dayandırılması üçün əməli fəaliyyətə keçmək istəyirlər. Bu gün Rusiya Ukraynada olan münaqişənin uzanmasında maraqlıdır, nəinki Ukraynaya dəstək verən ölkələr. Hazırda bütün dünya vəziyyətdən az itki ilə çıxmağın yolunu axtarır. Burada bir məsələ də ondan ibarətdir ki, əgər proses dayansa, bu, Rusiyanın nüfuzunun artması fonunda olacaq. Münaqişə dayanan kimi sanksiyalar yavaş-yavaş götürüləcək. Ukrayna fonunda deməzdim ki, Rusiya nə isə qazanıb, Rusiya da itirib”.

Səxavət Məmməd