!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polyakovun bədbəxtlik məktəbindəki “sinif yoldaşları”

!Reklam – Yazi

“Görək, Həyat bizi haralara sürükləyəcək…” Yəqin ki, bu cümləni hər kəs ömründə bircə dəfə də olsa işlədib. Bəziləri həyatından narazı olanda, bəziləri yeni işə, münasibətə başlayanda, bəziləri isə… vicdanlarını bir kənara qoyanda.

“Həyat”. Nə yaxşı ki bu Həyat var. Yoxsa biz neyləyərdik? Necə bütün məsuliyyətlərdən boyun qaçırıb, məsuliyyətsizliklərimizə cavabdeh olardıq? Günahlarımızla qolboyun olub onlarla necə üzləşərdik? Vicdan tərəzisinin əyri qolunu necə görməzdən gələrdik? Heç necə… Yaxşı ki “Həyat”dayıq…

İnsanları Həyat yox, insanlar Həyatı yönləndirir, onu istədikləri yerə sürükləyir, əzir, tapdalayır və o həyatı paramparça edərkən əslində özünü ayaqlar altına aldığını düşünmür, əzir, əzir, əzir…! Və birdən nəsə baş verir, nəsə ayıldır onları: Tükənmiş olan Həyat! Başını yerdən qaldırır, baxır göyə və Tanrıya sitəm dolu sözlər deyir. Tanrıdan səs gəlmədiyini gördükdə isə… düşür Həyatın üstünə. Bəlkə də Həyatın timsalında Tanrının…

Yuri Polyakovun eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Sinif yoldaşları” tamaşasını izləyərkən bütün hər şey insanın öz simasında canlanır. İnsan şübhələnir: “Görəsən… görəsən, 20 il sonra mən də belə olacam? Yox, ola bilməz. Yox əşi nə danışıram mən. Yaxşı, diqqətini tamaşaya ver…”. davam edir tamaşa. Əslində, Həyat.

Başlayanda sıxıcı gəlir insana. Gələcək hadisələrlə başlanğıc arasında necə əlaqənin qurulacağı marağı bürüyür insanı. Yəni sıxıcılıq içərisində də maraq oyada bilir və deməli, əslində, o, sıxıcı deyil. Sonra bir-bir yığılmağa başlayır sinif yoldaşları Vanyanın ad gününə. İllərin yorğunluğu və əzabları üstünə çökmüş, saflıq sifətini itirmiş və bir-birindən fərqli olduğu qədər də eyni xüsusiyyətlərə malik sinif yoldaşları! Hər kəs özünü davranışları ilə təqdim edir. Hər kəsin ürəyi doludur- kinlə, nifrətlə, qəzəblə, iztirabla…

Səbəbkarı Vanya olan bu yığıncaqda sanki Vanya unudulur. Unudulur onların həyatlarının ortaq nöqtəsi, hər birinin gələcəyində yeri olan Vanya. Ehtiras, acı, qisas və başqa-başqa hisslər dövr edir səhnədə. Tamaşaçıya sirayət edən bu hisslər tamaşaçıları vahimələndirir, səhnənin qaranlığı hopur tamaşaçıların üzərinə… Bir qorxu, bir nigaranlıq hakim olur zalda.

Şənlik başlayır. Rahatlaşır həm tamaşaçılar və həm də səhnədiklər. Vanya unudulub. Fedya unudulub. Hamı əyləncəsindədir. Vanya təkdir, boynubükükdür, laldır, dinməzdir, amma ürəyi sözlərlə doludur. Deyə bilmədiyi sözlərlə doludur ürəyi.  Ruhsuz bir əşya kimi davranılan Vanyanın onsuz da heç bir şeyə reaksiyasının olmadığını düşünən sinif yoldaşları bir-bir açırlar öz sifətlərini onun yanında. Vanyanı necə əzablar içərisində qoyduqlarından xəbərsiz və düşüncəsizlik içində lal və ürəyi dolu adama yönləndirirlər bütün sözlərini, əxlaqsızlıqlarını, nifrətlərini… Vanya susur. Onun susqunluğu bəlkə də tamaşaçının qulağını batıran ən böyük hayqırtı idi!..

“Ayıq qeyri-müəyyənlikdə yaşamaqdansa, sərxoş naməlumluqda ölmək yaxşıdır”.- kimi xatırlatdı bu sözlər mənə? kim idi o?.. Ahaa, İsgəndər! Kefli İsgəndər! Fedya İsgəndəri saldı yadıma. Yaddaşını silib həyatdan təcrid olunma yolunu tutmuş Fedya, bəlkə də.., yox elə “bəlkə”siz çirkli vücudunda ən təmiz və saf ürək gəzdirən şəxsdir! “Şüursuz gözəllik həyatı məhv edəcək” deyən Fedyanın sinif yoldaşlarından dostu qalmayıb və o, özünə yeni dost tapıb: Araq şüşəsi! Onun ən sadiq yoldaşı olub araq və sərxoşluq. Amma sərxoş olmaq, bəyəm, unutdururmu insana hər şeyi? Ürək sızlamasını dindirirmi araq? Yox… Vicdan! İnsan nə qədər sərxoş olursa olsun, nə qədər beynidumanlı olursa olsun vicdanı yerində olduqdan sonra ürəyi heç zaman rahat ola bilməyəcək, bilməz. Fedya kimi!

Fedya ayıqdır. Hamıdan ayıq və cəsarətli. Dediyi sözlər həqiqətdir, amma heç kəs onun fikrinə sərxoş olduğu üçün önəm vermir. Əsas olan da önəm verilməsi deyil bəlkə, əsas olan o sözlərin deyilməsidir. Çoxlarının cəsarət edib deyə bilmədiyi sözləri “arağın ayağına yazıb” sillə kimi sifətinə vurmaq sərxoşluğun ən pik nöqtəsində vicdanın soyuq su kimi ayıltdığı Fedyanı da özgələşdirir, yadlaşdırır. “Sinif yoldaşları”na!

Bəzi tamaşalarda aktyor və aktrisaların rolu yaşadığını görürük və bizə elə gəlir ki, bu dəqiqə hadisələr ssenaridən çıxacaq və tamam başqa bir məcraya yönələcək. Aktyor, aktrisalar öz nifrətlərini, həyatlarındakı çətinliyi qusacaqlar tamaşaçıya, ürəklərini boşaldacaqlar, ağlayacaqlar… Burada da elə oldu. Çermetov və Svetlana xəttini aktyorluq bacarığının zirvəsi adlandırsaq, mübaliğəyə yol vermiş olmarıq.

Nədənsə, zalda bir qorxunun hakim olduğunu gördüm. Sanki nə isə bir hadisə baş verəcəkmiş kimi sifətlərində nigaranlıq, tədirginlik və qorxu var idi. Bəziləri əsəbdən gülürdülər, bəziləri isə fikirlərini dağıtmaq üçün…

Tamaşaçı-aktyor kontaktı fonunda baş tutan tamaşanı tamaşaçılar səhnədə görürdülər; səhnədəkilər isə sanki tamaşanı izləyicilər oynayırmış kimi münasibət göstərirdilər.

Hərtərəfli uğurlu adlandırabiləcəyimiz tamaşaya Oskar Uayldın “Nə qədər qəribə də olsa, incəsənət həyatı yox, həyat incəsənəti təqlid edir” fikirlərinin məğzi altında Annanın dilindən səslənən “Həyat arzuları ələ salmağı sevir” cümləsinin sintezindən yaranan düşüncə ilə nöqtəni qoyaq:

“İncəsənətin təqlidi və hər şeyin baiskarı olan həyatı insanlar arzularında öldürməyi çox sevir”!

Aqil Bəkir

www.yenicag.az

4307
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv