Post-Xamneyi dönəmi: İran “Sepah dövlətinə” çevriləcək yoxsa parçalanacaq?

İranın hakimiyyət quruluşu və idarəetmə forması digər dünya dövlətlərindən fərqlənir. Lakin bu fərqliliklər içərisində bəzən böyük bir siyasi böhran da özünü büruzə verir. Yeniçağ.az İranın keçmiş prezidenti Rəfsəncanidən sonra hakimiyyətin idarə olunmasında yeni bir vəziyyətin yaranacağını qələmə alan Teşgom Kemalın analitik yazısını təqdim edir.

Yanvar ayının 8-də dünyasını dəyişmiş İranın sabiq prezidenti Əkbər Haşimi Rəfsəncaninin ölümü İranın siyasi liderliyinə sarsıdıcı zərbə vurub. Hətta mövcud iqtidara qarşı olan və eləcə də Rəfsəncaniyə rəğbət bəsləməyən müxaliflər belə onun ölümünə sevinmədilər. Ölkənin qarmaqarışıq təhlükəsizlik sisteminə nəzər salanda bəlli olur ki, Rəfsəncaninin ölümü İran siyasətinə təsirsiz ötüşməyəcək.

İran iki ordusu olan bir ölkədir. Prinsip etibarı ilə ölkənin müdafiəsinə cavabdeh olan milli ordu və bir də mövcud teokratik sistemi içində əsas vəzifəsi “İslam inqilabı”nı müdafiə edən İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) var.
Həmçinin İranın beş kəşfiyyat qurumu mövcuddur: Kəşfiyyat Nazirliyinin nəzarətində (Vezaret-i İttilaat) olan Ordu Kəşfiyyat Müdafiə Təşkilatı (Sazman-ı Hifazat-ı İttilaat-i Artiş) fəaliyyət göstərir. Bu iki qurum milli orduya bağlıdır. Qalan üç kəşfiyyat təşkilatlarının hamısı Sepahla əlaqəlidir. Bunlar Sepah Kəşfiyyat Təşkilatı (Sazman-ı İttilat-ı Sipah), Sepah Kəşfiyyat Mühafizə Təşkilatı (Sazman-ı Hifazat-ı İttilaat-ı Sipah) və Sepahı Müdafiə Təşkilatıdır (Sazman-ı Hifazat-ı Sipah).

Sepah daxilindəki balans

Sepah dini lider Ayətullah Xamneyinin birinci gücüdür. Dini liderin arxasında böyük olduğunu göstərməsinə baxmayaraq, Sepahın müxtəlif struktur və təşkilati məsələlərlə bağlı öhdəliyi var. Bu öhdəliklərdən biri hər hansı hərbi çevrilişə cəhd ehtimalını aradan qaldırmaqdır. Sepaha çalışan heç bir komandanın mütləq-iqtidar sahibi olmasına icazə verilmir. Onsuz da Sepahda buna zəmin yaradacaq ierarxiya yoxdur.
Sepah bir-birindən asılı olmayan, hamısı eyni hərbi rütbədə olan və həqiqətən dini lideri məlumatlandıran strukturlara bölünür. Bu strukturların hər birinə ölkənin bəlli bir qisminə nəzarət etmək tapşırılır. Burada bir məntiq var. Ölkəyə bansısa hücum olarsa və ya müəyyən bir hissə işğal olunarsa, bütün strukturlar bir-birilərindən asılı olmadan işini davam etdirəcək və işğalı, ya da hücumu aradan qaldırmaq üçün dirəniş göstərəcəkdir. Halbuki, bu işin arxasındakı gizli məqsəd hər hansı komandanın hərbi çevrilişə cəhdinin qarşısını almaqdır.

Sədaqət ləyaqətdən əvvəl gəlir

Türkiyə, Pakistan və digər nizamlı ordulardan fərqli olaraq, Sepah özü-özünü formalaşdırmış və professional hərbçilərdən ibarət olan hərbi güc deyil. İran silahlı qüvvələrində, xüsusilə Sepahda yüksək rütbəli bir komandan olmaq üçün ən vacib özəllik sədaqətdir. İqtidardakı səlahiyyət sahibi olan dindarlar “niyyət saflığının” “əməl saflığından” öncə gəldiyini vurğulayırlar. Bu səbəbdən 27 il ərzində İran Silahlı Qüvvələrinin Baş Qərargahına rəhbərlik edən Həsən Firuzabadinin heç bir hərbi təhsili olmayan veterinar olması təəccüb doğuracaq bir durum deyil. Digər tərəfdən Sepahın yüksək rütbəli komandanı olan Möhsün Rizainin hər hansı bir mövqeyə yüksəlməsinin qarşısı alınıb. Bu səbəbdən də Sepah komandanları dini liderin qəlbinə yol tapmaq üçün sürəkli rəqabət aparırlar.
Sepahın daxilindəki digər bir məsələ sui-istifadədir. Necə ki, bir neçə gün öncə yüksək post tutan üç Sepah komandanının vəzifədən sui-istifadə etməsinə görə həbs edildiyi mediada yer aldı. Keçmiş prezident Əhmədinejad Sepah komadanları barədə “bizim qaçaq qardaşlarımız” deyə danışmışdı.

Rəfsəncaninin Sepah komandanları ilə əlaqələri

Rəfsəncaninin bir sıra Sepah komandanları ilə güclü əlaqələri olub. Bu komandanların bir çoxu qazandıqları sərvət və vəzifəyə görə İran-İraq müharibəsindən sonra inkişaf layihələri həyata keçirən Rəfsəncaniyə borcludurlar. İranın Yaxın Şərqə doğru genişlənməsində başlıca simvola çevrilən Qasım Süleymani kimi komandanlar Rəfsəncaniyə hörmət bəsləyirdilər. Həmçinin, Rəfsəncanini sevməyən mühafizəkar siyasətçilər belə onu diqqət-nəzərdən kənarda qoymurdular. Bunu onun dəfn mərasimində də görmək olardı.
Rəfsəncani bir praqmatist olmasa da, özünü praqmatik siyasətçi kimi göstərməyi bacarmışdı. Bu səbəbdəndir ki, o, İran xaricində də hörmət və etibar qazanmışdı. Misal üçün, Səudiyyə kral ailəsi ilə yaxın əlaqələri vardı. Eyni zamanda Türkmənistanın hökumət elitası ilə münasibətləri çox yaxşı idi. Hazırda İranın hər iki ölkə ilə əlaqələri aşağı səviyyədədir. Daha da önəmlisi odur ki, son illərdə Rəfsəncani Bəlucistan sünnüləri başda olmaqla, bütün etnik-dini azlıqların tərəfdarı olan bir siyasətçi kimi özünü təqdim etməyi bacarmışdı. Hansı ki, illərdir dini liderin qapısı Bəlucistan sünnülərinə bağlıdır.

Xamneyidən sonra hakimiyyətlə bağlı yanlış ehtimallar

Rəfsəncaninin önəmli olması həm də dini liderin ölümü ilə bağlı məsələlərdə diqqət mərkəzində idi. İranın siyasi elitası xəstə olduğu deyilən dini liderin öləcəyini və Rəfsəncaninin belə bir məqamda dini lider seçkilərində üzərinə düşən rolu oynayacağına dair yanlış ehtimallar yürütdülər. Bu ehtimallara görə, Rəfsəncaninin bəzi Sepah komandanları ilə yaxın əlaqələrindən və onlar arasındakı ixtilaflardan faydalanacağı gözlənilirdi.
Hazırda Rəfsəncani sağ olsaydı, güclü Sepah komandanları və bu təşkilatın siyasi qanadındakı qüvvələr arasında “ideal” olmasa da, bəlli bir güc balansı yarada bilərdi. Ən ideal gözləntilər isə ona aid olan Dini Liderlik Şurası layihəsinin gerçəkləşdirilməsi idi. Bu layihəyə görə dini liderlik postu bir şəxs tərəfindən deyil, şəriət hüququnu bilən üləmalar tərəfindən idarə edilməsi nəzərdə tutulurdu. Rəfsəncaninin ölümü mülki-hərbi əlaqələrə ciddi şəkildə təsir göstərdi və bu, zaman keçdikcə daha da özünü büruzə verəcək. Dini liderin ölümündən sonra isə ölkən bir qrup Sepah komandanının ümidinə qalaraq, daha da pisləşəcək.
Ayətullah Haşimi Şəhrudi, Ayətullah Laricani, Ayətullah Rəisi kimi müxtəlif adların Xamneyinin xələfi olacağı “zikr” edilir. Lakin bu şəxslər dini liderin oğlu Müctəba Xamneyinin atasının yerini tutacağı ilə bağlı fikirlərini səsləndirməklə, əslində, diqqəti başqa yerə yönəldirlər.

Yeni dini lider Müctəba Xamneyi ola bilər

Ayətullah Xamneyi Xomeyni və Rəfsəncaninin övladlarının başına gələnləri öz uşaqlarının yaşamasını istəmədiyini qəti şəkildə demək olar. Xomeyninin oğlu Əhməd Xomeyninin ölümü ilə bağlı hələ də sirr pərdəsi götürülməyib. Nəvəsi Həsən Xomeyni isə keçən il Mühafizəkarlar Şurası tərəfindən Üləmalar Məclisindən kənarlaşdırılıb. Rəfsəncaninin oğlu Mehdi dəmir barmaqlıqlar arxasındadır. Bu səbəblərdən də adları qeyd edilən namizədlərin heç biri Xamneyinin prioriteti, həmçinin Sepah komandanları arasında bir konsensus yaratmaq potensialına malik deyillər.

Belə olan halda Müctəba Xamneyinin Sepah komandanları tərəfindən qanuni və birləşdirici bir güc olaraq qəbul edilib, yüksəlməsinə və növbəti dini lider olmasına yardım edəcəkdir. Gənc, təcrübəsiz dini liderin kölgəsi altında Sepahın təlimatlarını yerinə yetirməyən hər hansı prezident ya post-modern çevrilişlə, ya da parlament tərəfindən vəzifəsindən uzaqlaşdırılacaqdır. Onu da qeyd edək ki, millət vəkillərinin çox hissəsi Sepaha bağlıdır və yaxud da bu təşkilatın keçmiş üzvləridir.

İranda prezidentlik postu, əsasən respublikaçı olmayan təşkilatların qanuni və hüquqdan kənar müdaxilə edə biləcəyi zəif bir vəzifədir. Rəfsəncani kimi güclü bir dəstək verən şəxsin yoxluğu da prezident olmaq istəyən hər bir insanın seçimi məhdudlaşdıracaqdır.

Ruhaninin mövqeyi zəiflədi

İndiki vəziyyətdə hansısa ölkənin prezidenti olan şəxs Türkiyədə 15 iyul hərbi çevrilişinə cəhd zamanı xalqa çağırış edib, dəstək almalıdır. Amma belə bir addım atmaq üçün gərəkdir ki, xarizmatik lider olasan. Belə bir liderin Mühafizəkarlar Şurasının baryerini keçməsi mümkün olmayacaq. Bir məqamı qeyd edək ki, Türkiyədə son hadisələr zamanı hərbi çevrilişə cəhd edən qüvvələr xalqın iradəsinə təslim oldu. Halbuki, Sepahdan söhbət gedirsə, belə bir şey mümkün olmayacaq. Bu nümunə kimi 2009-cu ildə İranda keçirilən prezident seçkilərində yüzlərlə insanın həbs edilməsi, işgəncəyə məruz qalması, öldürülməsi və baş verənlərin ört-basdır edilməsini göstərmək olar.
Prezident Ruhaniyə gəlincə, mühafizəkarlar indidən onun yalnız bir dəfə prezident olması ilə bağlı zəmin yaratmağa başlayıblar. Bir neçə gün öncə Mühafizəkarlar Şurasının təmsilçisi Kədhudai Ruhaninin 2017-ci il seçkilərində namizəd olaraq iştirak etməsinə zəmanət vermədiyini deyib. Kədhudai parlament seçkilərində namizədlərə qarşı yaradılan maneələri nümunə olaraq göstərib.

Mövcud dini lider yumşaq şəkildə iqtidarı oğluna vermək üçün prezidentlik postuna Milli Təhlükəsizlik Ali Şurasının sədri Səid Cəlili və ya İmam Xomeyni adına Humanitar Təşkilatının sədri Pərviz Fəttah kimi insanın gətirilməsi böyük önəm daşıyır. Əli Laricani və ya Tehran bələdiyyəsinin sədri Kalibaf kimi şəxslərin bu yüksək posta sahib olması mümkün deyil.

Yaşıllar Hərəkatı hələ də “canlı”dır

Ruhani president seçkilərində Rəfsəncaniyə bel bağlamışdı. Amma növbəti seçkilərdə öz ayaqları üstündə durmalıdır. Bundan başqa Rəfsəncaninin ölümündən sonra yaranmış boşluğu doldurmaq və fərqli fraksiyalar arasında bir əlaqə yaradaraq, öz mövqeyini möhkəmləndirməyi düşünməyəcək. Ötən dövrdə dini liderin hər bir açıqlamasına Ruhaninin etiraz etməsi çıxışlarında yer alıb. Böyük ehtimalla o buna davam etməyəcək. Ruhani bunun əvəzində artıq dini liderə yaxınlaşmağa çalışacaq. Ancaq bu yaxınlaşma islahatçıların bir hissəsinin dəstəyini itirməyə gətirib çıxaracaq. İslahatçılar hazırda loyallarla birləşmiş kimi görünsə də son olaraq, öz islahatçı mövqelərinə sahib olacaqlar. Daha açıq şəkildə desək, islahatçılara və Yaşıllar Hərəkatına son 8 ildə edilən təzyiqlərə baxmayaraq, Rəfsəncaninin dəfn mərasimində iştirak edənlərin sayı və səsləndirilən şüarlar Yaşıllar Hərəkatının hələ də “canlı” olduğunu, Ruhaninin onları arxadan vurduğunu düşünərək, yenidən təşkilatlanmaq haqqında düşündükləri faktını ortaya qoymuş olur.

Yeniçağ.Az