PostAlışanov dövrünün AzTV-si: Azərbaycan Televiziyasında nələr dəyişib?

“Efir təşəbbüskarlığı və yeniliklərin tətbiqi baxımından, AzTV artıq digər telekanallardan da önə keçməkdədir”.
“Verilişlərdə tək rəsmi şəxslərin deyil, müstəqil ekspertlərin iştirakına da şərait yaradılır”.

Yenicag.az xəbər verir ki, Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir neçə ay əvvəl həyata keçirilmiş sədr dəyişikliyindən sonra adıçəkilən telekanlda müşahidə olunan pozitiv yeniliklər ekspertlər tərəfindən də müsbət qiymətləndirilir.

Prezident İlham Əliyevin bu il yanvarın 15-də imzaladığı sərəncam əsasında rəhbərliyi dəyişdirilən Azərbaycan Televiziyasında (AzTV) həyata keçirilən yeniliklər cəmiyyətin diqqətini getdikcə daha çox cəlb etməkdədir.  Ötən dövrlərdə tamaşaçı auditoriyasının toplanması baxımından, digər telekanallarla rəqabətdə geri qalan AzTV artıq son aylarda görülən işlər sayəsində öz nüfuzunu sürətlə geri qaytarır. Bu isə əlbəttə ki, planlı çalışmaların və müasir çağırışlardan irəli gələn tələblərin nəzərə alındığı fəaliyyət nəticəsində baş verir.

Əvvəllər dövlət televiziyasını yalnız rəsmi gündəmlə tanışlıq məqsədilə izləyənlər artıq bu gün AzTV-də günün tələbləri ilə səsləşən, dövlətin və cəmiyyətin maraqlarını ehtiva edən, real müzakirələrin aparıldığı tok-şouların, milli-mənəvi dəyərlərin göz bəbəyi kimi qorunduğu verilişlərin hazırlandığını görürlər. Bu dəyişikliklər isə dövlət televiziyasını yenidən efir məkanının “lokomotiv”inə çevrilməsinə ciddi zəmin yaradır.

Telekanalda həyata keçirilən müsbət dəyişikliklər cəmiyyətin ən müxtəlif təbəqələri tərəfindən də etiraf olunur və qiymətləndirilir. Bu barədə fikir bildirən tanınmış fiqurlar dövlət televiziyasında yeni atmosferin formalaşdığını söyləyirlər. AzTV-də həyata keçirilən yeniliklərlə bağlı Yenicag.az-a danışan millət vəkili Fazil Mustafa hesab edir ki, dövlət televiziyasında ötən dövrlərdən fərqli, müsbət ab-hava yaranmaqdadır:
“AzTV rəhbərliyinin dəyişdirilməsi ilə bərabər, dövlət kanalında ab-hava da yenilənib. Biz artıq dövlət televiziyasında maraqlı verilişlərin şahidi oluruq, həmin verilişlərdə mən də iştirak edirəm. Aydındır ki, dövlət kanalında uzun müddət ərzində formalaşan mühiti, çəraiti qısa müddətdə tamamilə dəyişmək asan məsələ deyil. Amma bütün hallarda əvvəlki rəhbərlikdən sonrakı dövr Azərbaycan televiziyasının çiçəklənmə dövrü kimi xatırlana bilər. Çünki ötən rəhbərliyin dönəmində o qədər səhvlər buraxılıb ki, onların aradan qaldırılması zaman tələb edir.
Hətta mən deyərdim ki, bu gün efir təşəbbüskarlığı və yeniliklərin tətbiqi baxımından, AzTV artıq digər telekanallardan da önə keçməkdədir. Bu, çox müsbət haldır. Televiziyaların müasir model tələbinə uyğun qaydada qurulması çox vacibdir.

AzTV-də artıq daha faydalı və maraqlı müzakirələrin aparılması da dövlət televiziyasının auditoriyasının genişləndirilməsi nöqteyi-nəzərindən mühüm məqamdır. Qeyd etdiyim kimi, dövlət televiziyasında müsbət dəyişikliklər var. Həm də aparılan forma və məzmun dəyişikliyi bir-birilərini tamamlayır. Xüsusilə, müzakirə yönümlü verilişlərin çoxalması müsbət tendensiyadır”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də Yenicag.az-a açıqlamasında dövlət televiziyasında müşahidə olunan dəyişikliklər fonunda plüralizm prinsiplərinin qorunmasını xüsusi vurğulayıb:
“Həqiqətən də, son dövrlərdə AzTV-də müşahidə olunan müsbət dəyişiklikləri qeyd etməmək mümkün deyil. Studiyaların yenilənməsi ilə yanaşı, verilişlərin keyfiyyəti də kifayət qədər yüksəlib. Eyni zamanda, AzTV-də tok-şouların sayının artması da olduqca müsbət hal kimi qiymətləndirilməlidir.

Digər tərəfdən, həmin tok-şoulara müstəqil fikirlə ekspertlərin dəvət edilməsini vurğulamamaq olmaz. Məsələn, mən özüm bir neçə dəfə həmin verilişlərə dəvət almışam, iştirak etmişəm. Ən əsası, o verilişlərdə plüralizm prinsiplərinin qorunmasına çalışılır. Yəni verilişlərdə tək rəsmi şəxslərin deyil, müstəqil ekspertlərin iştirakına da şərait yaradılır.
Elementar nümunə göstərmək istərdim. Məsələn, məlum ticarət mərkəzində baş vermiş yanğından sonra AzTV-də rəsmi qurumların nümayəndələri ilə yanaşı, zərər çəkmiş sahibkarların təmsilçiləri, müstəqil ekspertlərin də iştirakı ilə müzakirələr aparıldı.

AzTV ilə bağlı diqqətə çatdırılası vacib məqamlardan biri də dövlət televiziyasında milli-mənəvi dəyərlərə bağlılıq, dövlət dilinin normalarının qorunması və sair məsələlərə çox ciddi münasibət var. Bir daha deyirəm, son dövrlərdə AzTV-də xeyli müsbət dəyişikliklər baş verib və mən özüm də bunu təsdiqləyirəm, mənə aid sosial media resurslarında da bu barədə yazıram.

Həmçinin, AzTV-də texnoloji yeniliklərin səmərəli tətbiqi baxımından da, əhəmiyyətli işlər görülüb. Hər halda, AzTV dövlətdən maliyyələşir və bu da ən müasir texniki avcadanlıqlarla təchiz olunmağa, onlardan effektli istifadəyə imkan yaradır”.

COP29