“Komandanın azərbaycanlı oyunçuları peşəkar futbolçularla rəqabət aparmaq potensiallarını ortaya qoydular”.
Bu fikirləri ötən gün UEFA Avropa Liqasının pley-off mərhələsində keçirilən “Braqa” və “Qarabağ” oyununda təmsilçimizin tarixi qələbəsini dəyərləndirən Milli Məclisin deputatı Fazil Mustafa Yenicag.az-a açıqlamasında deyib.
Millət vəkilinin sözlərinə görə, “Qarabağ” öz sistemli oyunu ilə rəqib komandanı çökdürməyə nail olub:
“Azərbaycanda orta səviyyəli oyunçularla dünyada tayı-bərabəri olmayan böyük bir komanda yaradılıb. Komandanı uzun müddət sabit formada saxlamaq dünyada çox az baş məşqçiyə nəsib olur. “Qarabağ” 128 milyonluq büdcəsi olan “Braqa” komandasını öz sistemli oyunu ilə çökdürməyə nail oldu. Postsovet məkanından olan hər hansı başqa bir komandanın bu güc və imkanlarla belə nəticə əldə edə bilməsinə inanmıram.
Bu, məhz sistemin doğru qurulduğunun göstəricisidir. Biz dünən keçirilən “Qalatasaray”-“Sparta” matçına diqqət yetirsək, oyunda sonuncu dəqiqədə bəxtə yazılan bir qolun vurulması ilə Türkiyə təmsilçisi qalib gəldi. Lakin komandada sabit sistemin olmaması, müdafiədə texniki, bəsit səhvlərin çoxluğu, yalnız emosional oyuna üstünlük verilməsinin fəsadlarını gördük. Portuqaliyada “Braqa”ya dörd qol vurmaq təsadüfü hal deyil.
Hər halda, bu oyun Azərbaycan futbolu adına ciddi bir uğurdur. Bu uğurun müəllifi isə şübhəsiz, Qurban Qurbanovdur. Maraqlısı budur ki, komanda ilkin pley-off oyunlarına başlayan zaman diletantlar tərəfindən transferlərin düzgün edilməməsi, Qurban Qurbanovun artıq komandanı artıq idarə edə bilməməsi ilə bağlı iddialar ortaya atılmışdı. Ancaq gedişat onların haqsız olduğunu tamamilə üzə çıxardı.
Məni sevindirən əsas məqamlardan biri də Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Toral Bayramov kimi azərbaycanlı oyunçuların belə gözəl oyun sərgiləməsi idi. Onlar peşəkar futbolçularla rəqabət aparmaq potensiallarını ortaya qoydular. Çünki onlara güvənən bir məşqçiləri var. Fikrimcə, bu, Azərbaycanın adına böyük uğurdur. “Qarabağ”ın bu uğuru ölkəmizin digər komandalarının inkişafına da öz təsirini göstərməlidir”.
İsmayıl Bakuvi