“Məqsəd Avropa İttifaqının vasitəçiliyi ilə davam etdirilən prosesin pozulması, moderatorluq funksiyasının Rusiyaya keçməsidir”.
Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyanın dekabrın 7-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə aparılacaq danışıqlarda Fransa Prezidenti Emmanuel Makronun da iştirakını təkid etməsi səbəbindən sözügedən görüşün ləğv olunmasına münasibət bildirən politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Paşinyanın belə davranmasını bir neçə ehtimalla əlaqələndirmək mümkündür:
“Belə görüşlərdə başqa bir dövlətin başçısının iştirakı kiminsə istəyi, yaxud da sifarişi ilə olmur. Avropa İttifaqının vasitəçiliyi ilə nəzərdə tutulan görüşə başqa ölkənin prezidentini qatmağa nə ehtiyac var? Əlbəttə, Ermənistanın onu dəstəkləyən bir ölkəni belə görüşlərə qatmaq cəhdi danışıqlar prosesinin nəinki ləngiməsinə, hətta pozulmasına gətirib çıxara bilər.
Ermənistan artıq xeyli müddətdir ki, özlərinə xas həyasızlıqla danışıqlar prosesini uzatmağa çalışır. Onu belə davranışlara cəsarətləndirən isə Rusiya, Fransa və başqalarıdır. Paşinyan sülhdən çox danışsa da, elə istəklərə baş vurur ki, onların yerinə yetirilməsi mümkün deyil. Özü də bu o şəraitdə baş verir ki, qalib tərəf olaraq şərtləri məhz Azərbaycan diqtə etməlidir. Məğlub tərəf isə vəziyyətini nəzərə almadan danışıqlarda başqa tərəflərin iştirakına can atır. Bu çox gülünc şeydir.
Dediyim kimi, Ermənistanın bu davranışı sülh prosesini təxirə sala və bölgədə gərginliyin yenidən artmasına da səbəb ola bilər. Çox mümkündür ki, Paşinyanın bu addımı Rusiya və Fransa ilə razılaşdırılıb. Məqsəd Avropa İttifaqının vasitəçiliyi ilə davam etdirilən prosesin pozulması, moderatorluq funksiyasının Rusiyaya keçməsidir. Bu məqamı qətiyyən istisna etmək olmaz. Yəni bu oyunun Putin, Makron və Paşinyan tərəfindən daha öncədən hazırlanması ehtimalı ciddiyə alınmalıdır”.
A.Zeynalov