Praqa anlaşmasına TƏHDİD RİSKİ – Rusiyanın reaksiyası necə olacaq?

“Avropa topluluğunun nəzdində bilavasitə belə bir anlaşmanın əldə edilməsi, Rusiyanın iştirakı ilə əldə edilən razılıqdan daha çox Azərbaycanın, Ermənistanın, Qafqazın maraqlarına uyğundur”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Иaş naziri Nikol Paşinyan, Fransa Respublikasının Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin iştirakı ilə görüşü, tərəflərin ərazi bütövlüyü məsələsində razılaşması və Rusiyanın iştirakı olmadan sülh müqaviləsinin əldə edilmə ehtimallarını dəyərləndirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Yenicag.az-a açıqlamasında deyib.

Sərdar Cəlaloğlu bildirib ki, Rusiya asan təslim olmayacaq:

“Rusiyanın Ukrayna müharibəsində beynəlxalq nüfuzunu itirməsi, başının özünə qarışması imkan verir ki, Qərb cənubi Qafqazdakı hadisələrə təsir etsin. Bu baxımdan atılan bu addım həmin cəhdin nümunəsidir. Çoxtərəfli münaqişələrlə ikitərəfli münaqişələrin yoluna qoyulmasında fərq odur ki, Rusiyanın nəzarəti altında sülh sazişinin imzalanması həm də bu ölkənin bölgədə müəyyən maraqlarını arxa plana atmamaq zərurəti yaradır. Ancaq Avropanın iştirakı ilə münaqişənin yoluna qoyulması isə iki dövlətin maraqlarını nəzərə almağı tələb edir. Rusiya bölgədə münaqişələrin davam etməsində maraqlı olduğuna görə elə sülh müqaviləsi təklif edir ki, o sülh müqaviləsi kövrək olsun. İstənilən vaxt pozula bilsin, istənilən vaxt aktiv münaqişəyə keçə bilsin. Avropa İttifaqı isə problemin birdəfəlik həllini istəyir. Problemin birdəfəlik həlli beynəlxalq hüquq normalarına əsaslanır. Ona görə də beynəlxalq hüququn bir-birini qarışlıqlı tanımaq, ərazilərin toxunulmazlığı və zorakılıqla sərhədlərin dəyişdirilməsinə yolverilməzlik prinsipləri var ki, bu prinsiplər rəhbər götürüldükdə, Ermənistan Azərbaycanın ərazi bütövlüyü tanımalıdır, Qarabağ üzərindən iddialarından əl çəkməlidir, Azərbaycanla sərhədlərin müəyyənləşməsinə razılıq verməlidir. İndiki halda Avropada Aİ-dən fərqli olaraq, siyasi Avropa topluluğunun yığıncağı keçirildi. Bu tamamilə yeni bir qurumdur. İndiki halda Avropa İttifaqına daxil olmayan ölkələri də öz sıralarına qataraq hətta Avroasiya ittifaqı kimi çıxış edir. Təşkilatın nəzdində bilavasitə belə bir anlaşmanın əldə edilməsi Rusiyanın iştirakı ilə əldə edilən razılıqdan daha çox Azərbaycanın, Ermənistanın, Qafqazın maraqlarına uyğundur.

Düşünmürəm ki, Rusiya asanlıqla bu prosesə razılıq versin. Rusiya dərhal aktivləşdi. Sərhədlərin müəyyən edilməsində guya iştirak etdiyini bildirir, Azərbaycanın Baş nazirini Moskvaya dəvət ediblər. Bütün bunlar hamısı onu göstərir ki, Rusiya özündən kənarda, özünün iştirakı olmadan məsələnin həllinə imkanı olduqca mane olacaq”.

Səxavət Məmməd