Bu ilin aprelin 26-27 tarixlərində Çexiyanın Praqa şəhərində “Praqa İşgüzar Görüşləri” adlı maliyyə-iqtisadi forumu keçiriləcək.
Yenicag.az xəbər verir ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) verilən məlumata görə, forum MDB İcraiyyə Komitəsinin dəstəyi ilə MDB Maliyyə-Bank Şurası tərəfindən təşkil olunur.
Forumda milli və kommersiya banklarının və birjaların rəhbərləri, maliyyə qurumları və bank birliklərinin nümayəndələri, o cümlədən innovasiya və investisiya şirkətlərinin rəhbər şəxslərinin iştirakı gözlənilir. Forumun işgüzar proqramında MDB iştirakçı dövlətləri və Avropa İttifaqının maliyyə bazarlarının yeni qarşılıqlı əlaqə formatları, ixracın maliyyələşdirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı, həmçinin inteqrasiya yönümlü investisiya layihələrinin təqdimatı kimi məsələlər müzakirə olunacaqdır. Bununla əlaqədar olaraq, “Praqa işgüzar görüşləri forumunun iştirakçıları iri biznesin nümayəndələri, investorlar və mütəxəssislərlə görüşmək imkanı əldə edəcəklər. MDB İcraiyyə Komitəsi Azərbaycan işgüzar dairələrini tədbirdə iştiraka dəvət edir.