Prezident İlham Əliyevlə Birinci xanım Mehriban Əliyevanın Zabuxa səfəri zamanı ölən oğlunun ailəsinin Laçına köçürülməsini istəyən 82 yaşlı Qəribə Həsənovanın arzusu yerinə yetirilib.
Yenicag.az xəbər verir ki, yaşlı qadının ailə üzvləri artıq Xırdalandan Zabux kəndinə köçürülüb.
Xatırladaq ki, Zabux sakini olan Qəribə Həsənova Prezident və xanımından “Sizdən bircə xahişim var. Mənim oğlum rəhmətə gedib, mənim olduğum otağı verirəm ölən oğlumun yoldaşına, təşkil edəsiniz” xahişini etmişdi. İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə Qəribə Həsənovanın qohumlarının onun yanına köçürülməsini təşkil etmək tapşırığı vermişdi.