“Prezident açıq bəyan etdi ki, heç bir güzəştdən söhbət gedə bilməz”

“Ermənistan heç vaxt ümid etməsin ki, Azərbaycan tərəfi hansısa mərhələdə ərazisini ona güzəştə getməyə hazır olacaq. Bu, mümkün deyil”.

Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

O bildirib ki, bu illər ərzində aparılan bütün danışıqlarda Prezident İlham Əliyev Azərbaycan dövlətinin heç bir ərazi güzəştinə getməyəcəyini bildirib:

“Cənab Prezidentin mövqeyi birmənalı və qətiyyətlidir. Ermənilərin haqlarının tanınması, onların normal insan kimi yaşaması və bütün dünyada qəbul edilmiş normalar çərçivəsində həyat fəaliyyətlərini davam etdirmələrinə heç bir əngəl yoxdur. Azərbaycan çoxmillətli dövlətdir və ölkədə multikulturalizm, tolerantlıq hakimdir. O cümlədən, erməni millətindən olan şəxslər Azərbaycanda rahat yaşaya bilərlər. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından birdəfəlik çəkilib getməlidir. Cənab Prezidentin dediyi kimi, Ermənistan qeyd-şərtsiz işğal etdiyi torpaqları tərk etməlidir. Bu, bizim mövqeyimizdir”.

A. Həsrətin fikrincə, tarix bizə öyrədib ki, ermənilərə güzəşt etdikcə onların iştahası artır, daha da üzərimizə gəlirlər və əlavə ərazi iddiaları ilə çıxış edirlər:

“Ermənistanın paytaxtı İrəvan şəhəri qədim Azərbaycan torpağıdır. Onu güzəştə getmişik, artıq Azərbaycan Respublikasının ərazilərinə də iddia edirlər. Prezident mövcud vəziyyəti yaxşı bildiyi üçün Ermənistana açıq şəkildə bəyan edir ki, heç bir güzəştdən söhbət gedə bilməz. Dağlıq Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlarıdır, Ermənistan dövləti ərazilərimizi tərk edib getməlidir. Bundan sonra Azərbaycan dövləti öz vətəndaşı olan ermənilərlə ortaq məxrəcə gələ və onların haqları, hüquqları müzakirə oluna bilər. Lakin Ermənistan işin içində olduqca, bu məsələ mümkün deyil”.