“Prezident Administrasiyasından bizə zəng olundu və …” – Sülhəddin Əkbər

“Yürüdülən siyasətin nəticəsi budur ki, hazırda ölkədə hökumətin siyasətinə təsir etmək gücündə olan müxalifət qalmayıb”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında yaratdığı siyasi təşkilatın dövlət qeydiyyatına alınmasını və postkarantin dövrü üçün ölkənin siyasi vəziyyətini dəyərləndirən Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər deyib.

Sülhəddin Əkbərin sözlərinə görə, AzDP və digər partiyanın qeydiyyata alınması ölkədə yeni siyasi konfiqurasiyanın əlamətlərindən biri hesab oluna bilər:

“Bizim partiya 2014-cü il iyulun 6-da təsis olunub. Təsis qurultayından bir neçə gün sonra sənədləri hazırlayıb, Ədliyyə Nazirliyinə təqdim etmişdik. Çox təəssüf ki, bizi qeydiyyatla bağlı uzun süründürməçiliyə saldılar.

Çoxsaylı müraciətlərimizə baxmayaraq, hər dəfə bir bəhanə ilə qeydiyyat məsələsini yubadırdılar. Nəhayət, bu ilin mart ayının ortalarında Prezident Administrasiyasından bizə zəng olundu, artıq siyasətin və müxalifətə münasibətin dəyişdiyini dedilər. Eyni zamanda, partiyanın qeydiyyat məsələsinə yenidən baxıla biləcəyini söylədilər.

Bizə bildirdilər ki, Ədliyyə Nazirliyindən bizimlə əlaqə saxlayacaqlar. Həqiqətən də, nazirlikdən bizimlə əlaqə saxladılar. Onlayn müzakirələrimiz oldu, nəhayət aprelin 15-də nazirliyin Kollegiya iclasında partiyamızı qeydiyyata aldılar.

Onu da deyim ki, biz Azərbaycanda bütün məhkəmə instansiyalarını keçmişdik. İşimiz Avropa Məhkəməsində icraata qəbul olunmuşdu. O baxımdan, bu qərar bizim üçün gözlənilməz oldu. Biz Avropa Məhkəməsindən qərar gözlədiyimiz halda, bu addımı Azərbaycan hökuməti atdı.

Bir gün sonra bizi Ədliyyə Nazirliyinə dəvət etdilər. Nazir müavini və müvafiq Baş idarənin rəisi ilə görüşümüz oldu. Onlar da eynilə bildirdilər ki, Azərbaycanda yeni siyasi konfiqurasiya qurulur, müxalifətə münasibət dəyişir.

Söhbət əsnasında bildirdik ki, bu, qısamüddətli kampaniyaolmamalı, davamlı siyasətə çevrilməlidir. Əsas odur ki, siyasi fəaliyyət üçün ölkədə normal şərait yaradılsın. Siyasi dialoq elan olunub. Yaşayıb göəcəyik, bu, davamlı olacaq, yoxsa kampaniya?”

Ölkədə karantin dönəmindən sonra yaranacaq vəziyyətə toxunan Sülhəddin Əkbər sosial-iqtisadi vəziyyətin ağırlaşacağı qənaətindədir:

“Pandemiya bütün dünyaya, həmçinin də Azərbaycana təsir göstərəcək. Azərbaycanda bu təsirlər artıq hiss olunmaqdadır. Dünya bazarında enerji daşıyıcılarının qiyməti kəskin düşüb. Artıq 4 dollara belə neft alan yoxdur.

Dünya postneft dövrünə hazırlanırdı və bu keçidin 2030-cu ildə baş verəcəyi proqnozlaşdırılırdı. Ancaq bu keçidin ilkin mərhələsini 2022-23-cü illərdə görəcəyimiz istisna deyil.

Azərbaycan da neft ölkəsidir. Pandemiyadan sonra iqtisadi böhran ehtimalı böyükdür. Aydındır ki, bu dalğada ən böyük zərər iqtisadiyyatı enerji daşıyıcılararına əsaslanan ölkələrə dəyəcək.

Bundan əlavə, bazar kiçildiyinə görə neft istehsal edən ölkələrin rəqabəti də güclənəcək və onlar bir-birilərni sıxışdırmağa çalışacaqlar. Hazırda bazarda gündəlik 30 milyon barrel artıq neft var. OPEC+ qərar verib ki, neftin hasilatı azaldılacaq.

Mütəxəssislər bu artıq neftin təqribən 7 milyon barrel azaldıla biləcəyini düşünürlər. Hesab edək ki, lap 10 milyon barrel azaldıldı, ancaq bazarda yenə də 20 milyon barrel artıq neft qalacaq axı… Bir sözlə dünyada baş verən proseslər Azərbaycana çox ciddi təsir edəcək”.

AzDP sədri Azərbaycan müxalifətinin postkarantin dövründə mümkün fəaliyyətinə də toxunub:

“Azərbaycanda sosial-iqtisadi böhran gözləntisi var. Əlbəttə, bunun sosial-siyasi nəticələri olacaq. Problem isə Azərbaycanda müxalifətin olmamasıdır. Bunun da obyektiv, subyektiv səbəbləri var.

1993-cü ildən bu günə qədər Azərbaycan hakimiyyətinin müxalifətə qarşı apardığı siyasət, şirnikləndirmələr, müxalifətin sıradan çıxarılması cəhdləri bu vəziyyəti doğurub. Yürüdülən siyasətin nəticəsi budur ki, hazırda ölkədə hökumətin siyasətinə təsir etmək gücündə olan müxalifət qalmayıb.

Azərbaycan cəmiyyəti ilk növbədə özünün müxalifətsizlik problemini həll etməlidir. Təbii, gərginlik olacaq. Ancaq bunun ölkəni bürüyəcək ümumi etiraz dalğasına keçməsi üçün təşkilatlanmaq lazımdır”.

Səxavət Məmməd