Azərbaycan prezidenti İlham Əliyev Sabirabad rayonunda əsaslı şəkildə bərpa olunaraq yenidən qurulmuş Qalağayın-Osmanlı-Çöl Beşdəli-Zalqarağac-Çöl Ağaməmmədli-Azadkənd-Muğan Gəncəli avtomobil yolunun açılışında iştirak edib.
Yenicag.az-ın məlumatına görə, təmir olunan 60 kilometrlik yolun 19,6 kilometrlik hissəsi istismara hazırdır.
15 yaşayış məntəqəsini birləşdirən bu yolda 41 min sakinin rahat və təhlükəsiz gediş-gəlişi təmin olunacaq.
Dövlət başçısına məlumat verilib ki, hər birinin eni 3 metr olan ikizolaqlı bu avtomobil yolu 4-cü texniki dərəcəlidir. Bildirildi ki, yolun bütün infrastrukturu müasir tələblər səviyyəsində qurulub. Lazımi yerlərdə təhlükəsizlik dirəkləri basdırılıb, yol nişanları, göstərici lövhələr quraşdırılıb, yol-cizgi xətləri çəkilib, suötürücü borular salınıb.
Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulmuş avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.