Prezident İlham Əliyev noyabrın 6-da “Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Yenicag.az xəbər verir ki, Şəmkir şəhərində su təchizatı və kanalizasiya xidmətlərinin daha da yaxşılaşdırılması, əhalinin içməli su ilə fasiləsiz təmin olunması məqsədilə diametrləri 110-280 millimetr, uzunluğu 13,4 kilometr olan paylayıcı su şəbəkəsinin və diametrləri 600-1200 millimetr, uzunluğu 15,2 kilometr olan magistral kanalizasiya kollektorunun tikilməsi zərurəti yaranıb.
Sərəncama əsasən, Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işlərin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 10,1 milyon manat ayrılıb.