Prezident baş nazirə qalstuk bağışladı

118433_res_01Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Yunanıstanın baş naziri Aleksis Siprasa qalstuk hədiyyə edib.

Yunanıstanın baş naziri ötən gün Ankarada Türkiyə prezidenti və baş nazir Əhməd Davudoğlu ilə bir sıra görüşlər keçirib. Görüş zamanı Ərdoğan yunan baş nazirə qalstuk bağışlayıb.

Yunan mediası isə Ərdoğanın bu hədiyyəsini birmənalı qarşılamayıb. Yunanıstan mətbuatı yazır ki, prezident R.T.Ərdoğan baş nazir A.Siprasa qalstuk hədiyyə etməklə, əslində yaxın vaxtlarda Kipr problemini birgə danışıqlar yolu ilə həll etmək diplomatiyasını ortaya qoyub.

Baş nazir isə zarafatla Ərdoğana cavabında bildirib ki, bu yaxınlarda Avropa Komissiyasının sədri Jan-Klod Yunker də Yunanıstanda böhran aradan qalxandan sonra ona qalstuk hədiyyə edəcəyini söz verib.

Xatırladaq ki, Yunanıstanın baş naziri Aleksis Sipras əksər vaxtlarda qalstuksuz rəsmi görüşlər keçirməyi ilə tanınır. Bu ilin əvvəlində İtaliyanın baş naziri Matteo Renzi də Aleksis Siprasa qalstuk hədiyyə etmişdi.