Prezident İsmayıllıya 6,9 milyon ayırdı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İsmayıllı şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.

Yenicag.az sərəncamın mətnini təqdim edir:

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində İsmayıllı rayonunda bir sıra mühüm tədbirlər həyata keçirilmiş, əsas kapitala yönəldilmiş vəsait 74,8 dəfə, o cümlədən tikinti-quraşdırma işləri 75,9 dəfə artmış, Olimpiya İdman Kompleksi, Rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət Mərkəzi əsaslı təmir olunmuş, Peşə Tədris Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 88 mənzilli 3 yaşayış binası inşa edilmiş, 42 ümumtəhsil müəssisəsi istifadəyə verilmişdir. Bununla yanaşı, İsmayıllı şəhərinin içməli su təchizatı sistemi yenidən qurulmuş, 110/35/10 kV-luq “İsmayıllı” elektrik yarımstansiyası və ümumi gücü 3,2 MVt olan 2 su elektrik stansiyası istismara verilmiş, xalçaçılıq müəssisəsi, “Buta-Qrup” MMC-nin aqroparkı və digər iri sənaye, kənd təsərrüfatı və emal müəssisələri yaradılmış, 10 mindən çox yeni iş yeri açılmış, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İsmayıllı şəhərində istismar müddəti başa çatmış 3 ikimərtəbəli və 4 birmərtəbəli binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qərara alıram:

1. İsmayıllı şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə 2,4 milyon (iki milyon dörd yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İsmayıllı şəhərində yeni uşaq bağçası binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İsmayıllı şəhərində yeni 100 yerlik uşaq bağçası binasının tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.

COP29