Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilib.
Yenicag.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikasının Qanunu təsdiqləyib.
Dəyişikliklərə əsasən, məcəlləyə aşağıdakı məzmunda 83.1-1-ci, 99-5.5-ci və 99-10-cu maddələr əlavə edilib:
– 83.1-1. Həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılan əmələ görə xarici dövlətin məhkəmə hökmünə əsasən yaranmış məhkumluq barədə məlumat cinayət təqibinin gedişində daxil olduqda və müvafiq hökm Azərbaycan Respublikasında qanunla müəyyən edilmiş qaydada tanındıqda, bu məhkumluq da cinayətlərin residivi zamanı və cəza təyin edilərkən nəzərə alınır;
– 99-5.5. Əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxsə yenidən cərimə və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbir təyin olunarkən müvafiq olaraq bu Məcəllənin 99-6.3-cü və 99-7.2-ci maddələrində nəzərdə tutulmuş cinayət-hüquqi tədbirlərin aşağı və yuxarı həddinin orta həddindən aşağı cinayət-hüquqi tədbir təyin edilə bilməz;
– Maddə 99-10. Hüquqi şəxsin əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmamış hesab edilməsi üçün tələb olunan müddət:
99-10.1. Hüquqi şəxs aşağıdakı hallarda əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmamış hesab edilir:
99-10.1.1. böyük ictimai təhlükə törətməyən cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən bir il keçdikdə;
99-10.1.2. az ağır cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən iki il keçdikdə;
99-10.1.3. ağır cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən etibarən altı il keçdikdə;
99-10.1.4. xüsusilə ağır cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən etibarən səkkiz il keçdikdə.