!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Prezident də növbədənkənar parlament seçkilərinin keçiriləcəyi haqda heç bir mesaj verməyib” – Fazil Mustafa

!Reklam – Yazi

“Əgər kimlərinsə parlamentə seçilməsi lazım gələrsə, boşalmış beş-altı deputat yerinə seçkilərin keçirilməsi mümkündür”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında növbədənkənar parlament seçkilərinin keçiriləcəyinə dair iddiaların gündəmdən çıxmamasına münasibət bildirən millət vəkili Fazil Mustafa deyib.

Fazil Mustafanın sözlərinə görə, bu mövzu ətrafında müzakirələrin səngiməməsi Milli Məclisə seçilmək həvəsində olanların canfəşanlığı ilə bağlıdır:

“Əslində, növbədənkənar seçki məsələsi yoxdur. Sadəcə, parlamentə seçilmək istəyən xeyli insan var və onlar bu mövzunu daim gündəmdə saxlamağa çalışırlar. Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov da bəyan etdi ki, parlament seçkiləri nəzərdə tutulan vaxtda keçiriləcək.

Partiyada səlahiyyətinə görə, Əli Əhmədovdan yüksəkdə olan yeganə şəxs prezidentdir. O da hələ ki, növbədənkənar parlament seçkilərinin keçiriləcəyi haqda heç bir mesaj verməyib. Bu səbəbdən, YAP-ın icra katibinə inanmaq lazımdır”.

Millət vəkilinin sözlərinə görə, 2018-ci ildə növbədənkənar prezident seçkilərinin keçirilməsi, parlament seçkilərinin də vaxtından əvvəl keçiriləcəyi üçün əsas yaratmır:

“Növbədənkənar prezident seçkilərinin keçirilməsi başqa məsələ idi. Bildiyiniz kimi, 2016-cı il referendumundan sonra, prezidentin səlahiyyət müddəti yeddi ilə qaldırılmışdı, vitse-prezidentlik institutu təsis edilmişdi və sair. Bu amillərə görə, növbədənkənar prezident seçkilərinin keçirilməsinə əsas vardı. Amma Milli Məclislə bağlı hər hansı köklü dəyişiklik olmadığı üçün, növbədənkənar parlament seçkilərinin keçirilməsini zəruri edən səbəblər yoxdur. Yəni, parlamentin say tərkibi dəyişdirilməyibsə, Milli Məclisə seçkilərin beş ildən bir majoritar sistem əsasında keçirilməsi qaydası saxlanılıbsa, erkən seçkilərə getməyə nə ehtiyac var ki? Əgər kimlərinsə parlamentə seçilməsi lazım gələrsə, boşalmış beş-altı deputat yerinə seçkilərin keçirilməsi mümkündür”.

A.Zeynalov

www.yenicag.az

3064
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv