“Prezident İlham Əliyevin fəaliyyətimizə yüksək dəyər verməsi…” – “Tərəqqi”çi xanımlardan MİNNƏTDARLIQ
Ötən gün ölkə başçısı İlham Əliyev Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Ölkənin ictimai həyatında səmərəli fəaliyyətlərinə və 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə “Tərəqqi” medalına layiq görülmüş xanımlarımız bu təltiflə bağlı təəssürratlarını Yenicag.az-la bölüşüblər.
Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilova saytımıza açıqlamasında “Tərəqqi” medalı ilə təltif olunan digər xanımlarımız kimi, özünü çox xoşbəxt hiss etdiyini deyib:
“Məni bu medalla təltif etdiyi üçün ölkə başçısı İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Fəaliyyətim çərçivəsində hər zaman milli geyimlərə olan münasibətimlə fəal olmuşam.
Sevindirici haldır ki, fəaliyyətim ölkə başçımızın nəzərindədir. Bu, onu göstərir ki, prezidentimiz İlham Əliyev hər zaman öz xalqının yanındadır”.
“Tərəqqi” medalı ilə təltif olunan “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova öz növbəsində qeyd edib ki, prezidentin imzası ilə mükafatlandırılmaq onun üçün ən böyük dəyərdir:
“Tərəqqi” medalı ilə təltif olunmağımı sevinc göz yaşları ilə qarşıladım. Bu mükafatlandırma mənim gələcək fəaliyyətim üçün böyük stimul və məsuliyyət yaratdı.
Gələcək fəaliyyətimi daha səmərəli davam etdirəcəm. Özümü dünyaya yenidən gəlmiş kimi hiss edirəm. Mükafatlandırma üçün ölkə başçımız İlham Əliyevə minnətdarlığımı bildirirəm”.
“Təmiz Dünya” Mərkəzinin rəhbəri Mehriban Zeynalova açıqlamasında vurğulayıb ki, gözlənilməyən mükafat çox sevindirici olur:
“Bu, ölkə rəhbərinin insanlara və onların zəhmətinə dəyər verməsinin bir nümunəsidir.
“Tərəqqi” medalı ilə təltif olunmaq mənim üçün çox qürurverici oldu. Düşünürəm ki, insanlar öz sahəsində yaxşı çalışarsa, bu, mütləq dəyərləndirilir”.
“Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Rada Abbas isə göstərilən diqqətə görə ölkə rəhbərinə minnətdarlığını bildirib:
“Bu mükafatlandırma ilə uzun illərdən sonra müharibə veteranı olan qadınlar xatırlandı. Biz heç bir qarşılıq gözləmədən vətən üçün xidmət edirik.
Lakin başda prezidentimiz, Ali Baş Komandan İlham Əliyev olmaqla, zəhmətimizi dəyərləndirən hər kəsə minnətdarlığımızı bildiririk”.
Gülşən Şərif