Prezident İlham Əliyevin təşəbbüsünə QLOBAL DƏSTƏK: “Dünya ölkələri görür ki…” – Partiya sədri

“Dövlət başçısının bu təklifinin 130-a yaxın ölkə tərəfindən dəstək qazanması Azərbaycanın beynəlxalq nüfuzunun etirafıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv olan 130-a qədər ölkə tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsinə münasibət bildirən Xalq-Demokratik Partiyasının (AXDP) sədri Rafiq Turabxanoğlu deyib.

AXDP sədrinin sözlərinə görə, Azərbaycan dövlət başçısının indiki dönəmdə belə bir təşəbbüslə çıxış etməsi aktuallığı ilə seçilən çox mühüm addımdır:

“Bildiyiniz kimi, koronavirus pandemiyasının yayıldığı ilkin vaxtlarda da Azərbaycan prezidentinin belə təşəbbüsləri olmuşdu. Yəni böyük dövlətlər kimi tanıdığımız ölkələr virus bəlası qarşısında tərəddüdlü qaldıqları vaxt artıq Azərbaycan prezidentinin təşəbbüsü ilə pandemiyadan xilas olmağın yollarını axtarmaq üçün görüşlər keçirilirdi.

Bu sırada Türk dövlət başçılarının, o cümlədən, bir sıra beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı ilə baş tutan həmin videokonfransda çox ciddi müzakirələr aparıldı, təkliflər irəli sürüldü. Ümumiyyətlə, o konfrans koronavirusa qarşı beynəlxalq səviyyədə birgə tədbir görmək üçün səyləri birləşdirməyə yönələn ilk tədbir idi.

Amma görürsünüz ki, pandemiya dünya ölkələrində, həmçinin Azərbaycanda bir qədər səngidikdən sonra yenidən güclənib. Belə bir vəziyyətdə dünya ölkələrinin bir araya gəlmələri çox zəruridir. Çünki bu bəla bütün bəşəriyyətə qarşı yönəlib. O baxımdan, Azərbaycan prezidentinin BMT-də koronavirus pandemiyasının səngiməsi üçün xüsusi toplantının keçirilməsinə dair təşəbbüsü yerində atılmış addımdır.

Dünyanın 130-a yaxın ölkəsinin bu təşəbbüsü dəstəkləməsi isə Azərbaycanın beynəlxalq nüfuzunun etirafı olmaqla yanaşı, həm də prezident İlham Əliyevin fəaliyyətinə verilən qiymətdir”.

Aqil Bəkir