Prezident Kazanda bir sıra görüşlər keçirdi – YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyevin Kazanda oktyabrın 23-də BRICS-ə üzv dövlətlər tərəfindən təsis olunmuş Yeni İnkişaf Bankının prezidenti Dilma Russeff ilə görüşü olub.

Yenicag.az xəbər verir ki, Dilma Russeff Azərbaycanda COP29-un keçirilməsini xüsusi qeyd edərək, bu tədbirdə iştirak edəcəyini məmnunluqla vurğulanıb. O, iqlim maliyyələşməsi mövzularının beynəlxalq maliyyə institutlarının diqqət mərkəzində olduğunu deyib və bu nöqteyi-nəzərdən Bakıda keçiriləcək COP 29-un önəminə toxunub.

Söhbət zamanı qarşılıqlı maraq doğuran əməkdaşlıq imkanları müzakirə edilib.

***

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 23-də Kazanda Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ilə görüşü olub.

Yenicag.az xəbər verir ki, Laos Prezidenti ölkəsi ilə Azərbaycan arasında yaxşı əlaqələrin olduğunu vurğulayaraq iqtisadiyyat, ticarət, investisiya, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli perspektivlərin mövcudluğunu qeyd edib.

Thonqlun Sisulit hələ 1981-ci ildə Bakıda olduğunu məmnunluqla xatırlayaraq, ötən dövr ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini vurğulayıb. O, sovetlər dövründə çox sayda laoslu mütəxəssisin Azərbaycanda təhsil almasına görə təşəkkürünü bildirərək, bu gün də həmin şəxslərin Laosda nazir, nazir müavini və digər rəhbər vəzifələrdə fəaliyyət göstərərək ölkənin inkişafına töhfə verdiklərini deyib.

Thonqlun Sisulit dövlət başçısını Laosa səfərə dəvət edib.

Xoş sözlərə görə minnətdarlığını ifadə edən Azərbaycan Prezidenti dəvətə görə təşəkkürünü bildirib.

Dövlət başçısı ölkələr arasında iqtisadiyyat, ticarət, enerji sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün müvafiq işçi qrupunun yaradılması və mütəxəssislərdən ibarət hökumət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil olunmasını qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanın təhsil sahəsində Laosa bundan sonra da dəstək göstərməsi imkanlarına toxunub.

Görüşdə gələn il Azərbaycan ilə Laos arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunacağı vurğulanıb, ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı qeyd edilib.

***

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 23-də Kazanda Bosniya və Herseqovinanın Serbska Respublikasının Prezidenti Milorad Dodik ilə görüşü olub.

Yenicag.az xəbər verir ki, Milorad Dodik Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinə çatdırmağı xahiş etdi.

Milorad Dodik Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi. O, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması münasibətilə təbriklərini çatdırdı.

“Siz suveren Azərbaycanın güclü Liderisiniz. Güclü Lider olmadan güclü dövlət də ola bilməz”, – deyən Milorad Dodik Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurla inkişaf etməsini məmnunluqla qeyd etdi.

O, investisiyalar, əczaçılıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu deyərək, Azərbaycanın yol infrastruktur şirkətlərinin Balkan regionunda uğurlu layihələr həyata keçirdiyini qeyd etdi və Bosniya və Herseqovinanın da bunda maraqlı olduğunu vurğuladı.

Prezident İlham Əliyev həm işğal, həm də işğaldan sonrakı dövrlərdə Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi.

Dövlətimizin başçısı Bosniya və Herseqovinaya səfərini məmnunluqla xatırladı.

Prezident İlham Əliyev enerji, nəqliyyat infrastrukturu və investisiyalar sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğuladı.

COP29