Prezident köçkünlərin yataqxanasındakı yanğını nəzarətə götürdü

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Yasamalda yataqxanada baş verən yanğınla bağlı məlumat yayıb.

İyunun 7-də paytaxtın Yasamal rayonu ərazisində Şərifzadə küçəsi 1, ünvanında yerləşən Azərbaycan Texniki Universitetinin 3 nömrəli yataqxanasında yanğın baş verib. Baş vermiş hadisə nəticəsində 16 məcburi köçkün ailəsinin məskunlaşdığı mənzillər yanıb. Baş nazirin müavini Əli Həsənov hadisə barədə ölkə Prezidenti İlham Əliyevə məlumat verib və görülən bütün tədbirlər cənab Prezidentin nəzarəti altındadır.

İyunun 8-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi ilə Yasamal Rayon İcra Hakimiyyətində müşavirə keçirilib. Müşavirədə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Dövlətqaçqınkomun məsul şəxsləri, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və yanğından zərər çəkmiş məcburi köçkünlər iştirak ediblər.

Müşavirədə məcburi köçkünlərlə aparılan müzakirələrdən sonra qərara alındı ki, yanan mənzillər qısa müddət ərzində təmir ediləcək. Sakinlərə isə müvəqqəti olaraq kirayə mənzillərdə yaşamaları üçün maddi yardım veriləcək.

Bununla yanaşı məcburi köçkünlərə dəymiş ziyanın araşdırılması üçün Komitə sədrinin sərəncamı ilə müvafiq qurumların nümayəndələrinin və məcburi köçkünlərin iştirakı ilə komissiya yaradılıb.

Baş nazirin müavini Əli Həsənov yanğın baş vermiş mənzillərin çıx qısa müddətdə təmir edilməsi üçün müvafiq idarələrin rəhbərlərinə tapşırıqlar verib.

Yenicag.az