Prezident məmurlara ciddi xəbərdarlıq etdi

2EABE21E-66A3-4CC2-B2C4-D2F95E2E8363_cx27_cy2_cw59_w900_r1_s_r1Dövlət məmurları və ailə üzvləri özlərini təvazökar aparmalıdırlar

“Azərbaycanda genişmiqyaslı özəlləşdirmə həyata keçirilməlidir. Çünki elə müəssisələr var, 20 ildir, işləmir, ancaq nədənsə özəlləşdirməyə çıxarılmır”.

Bunu bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib. Dövlət başçısı deyib ki, hər bir özəlləşdirilən müəssisənin gələcək fəaliyyəti ilə bağlı biznes-plan təqdim edilməlidir: “Biznes-plan, məsuliyyət, öhdəlik nəzərə alınmalıdır. Yoxsa elə çıxmasın ki, kimsə müəssisəni alacaq, yenə işləməyəcək. Bizə aparıcı xarici məsləhətçi şirkətlər lazımdır, çünki aparılan özəlləşdirmə şəffaf olmalı, dövlətin maraqları təmin edilməlidir”.

“Tələbələrə cavab verməyən, böyük qüsurları olan banklar Azərbaycanın bank sektorunda fəaliyyət göstərə bilməz. Biz bank sektorunu sağlamlaşdırmalıyıq. Bu proses təəssüf ki, ləng gedir, prosesi sürətləndirməliyik” -deyən Dövlət başçısı deyib ki, bank sektoru iqtisadiyyatın real sektorunu daha çox kreditlərlə təmin etməlidir: “Mən göstəriş vermişdim ki, hər bir rayonda sənaye zonası yaradılsın, amma bu proses zəif gedir. Bu gün konfransın davamında bu məsələ geniş müzakirə olunmalıdır. Bölgələrə investisiya axınını daha çox Azərbaycan dövləti, sahibkarlar təşkil edirdilər. İndi icra hakimiyyətləri daha fəal olmalıdır. Nə qədər iş yeri açılıb, müəssisə yaradılıb, investisiya cəlb edilib? İcra hakimiyyətlərinin fəaliyyətinə buna əsasən qiymət veriləcək”.

“Keçən il Cənub Qaz Dəhlizi istiqamətində mühüm addımlar atılıb, Məşvərət Şurasının iclası keçirilib. Şurada konkret proqram və birgə Bəyannamə qəbul edilib, Azərbaycanın bu sahədə xüsusi rolu qeyd edilib” – bildirən İlham Əliyev deyib ki, Cənub qaz dəhlizi Azərbaycana əlavə siyasi, iqtisadi, maliyyə imkanları yaradacaq: “Bu dəhliz onilliklər ərzində Azərbaycana iqtisadi mənfəət, valyuta axını təmin edəcək. Bu il Cənub Qaz Dəhlizinin icrası ilə bağlı əlavə tədbirlər görüləcək”.

Prezident qeyd edib ki, 2015-ci ildə Azərbaycan özünü güclü tranzit ölkəsi kimi təqdim edib: “Şimaldan Cənuba, Şərqdən Qərbə gedən yollar Azərbaycandan keçir.

Azərbaycan əvəzolunmaz nəqliyyat dəhlizinə çevrilir, biz bu işləri görmüşük. Nəinki Çindən, Orta Asiyadan, Koreyadan da Avropaya yüklər Azərbaycan üzərindən getməyə başlayıb. Eyni zamanda Avropadan, Ukraynadan Çinə yüklər Azərbaycan üzərindən getməyə başlayıb. Bütün bu imkanları biz yaratmışıq. Bu işləri görməsəydik, Azərbaycan mühüm tranzit ölkəsinə çevrilə bilərdimi? Türkiyə ilə birlikdə TANAP-ın əsasını qoymasaq, bu gün Avropanın enerji təhlükəsizliyi ilə bağlı bu layihədən danışıla bilərdimi?..”

Azərbaycan prezidenti deyib ki, korrupsiya bütün ölkələr üçün böyük bəladır: “Korrupsiyaya qarşı cəza tədbirləri tətbiq olunur və olunacaq. “ASAN xidmət” mərkəzləri 7 milyondan çox insana xidmət göstərib, burada rüşvət yoxdur. Əgər yüksək vəzifəli şəxslər öz vəzifələrini yerinə yetirə bilmirlərsə, onlar cəzalandırılacaqlar. Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur”.

Prezident İlham Əliyev bildirib ki, yerlərdə icra orqanları bu il əsasən iş yerlərinin yaradılması ilə məşğul olmalıdır: “Hər bir məmur, o cümlədən prezident xalqın xidmətçisidir. Dövlət məmurları və ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Dövlət məmurları hesab etməməlidirlər ki, xüsusi statusları var. İnsanlara diqqət və qayğı göstərməli, problemlərini həll etməlidirlər. Məmurların fəaliyyətinə qiymətdə bu, əsas rol oynayacaq”.

Azərbaycan prezidenti deyib ki, Naxçıvanda avtomobil zavodu var: “Dövlət məmurlarının bu avtomobilləri daha çox almalarını tövsiyə edirəm”.

Prezident İlham Əliyev sahibkarlara qarşı süni maneələrin yaradılmasını yolverilməz hesab edir: “Sahibkarlar şəffaf fəaliyyət göstərməlidirlər. Biz elə işləməliyik ki, sanki neft-qaz resursları yoxdur. Biz indi post-neft dövründə yaşayırıq. Ona görə də qeyri-neft sektorunun inkişafı, ixracdan asılılığın azaldılması dayanıqlı inkişafımızı təmin edəcək”. (Apa)