“Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 dekabr tarixində yerli və xarici kanallara verdiyi geniş müsahibə ölkədə geniş rezonans yaradıb. Müxtəlif sahələrdən bəhs edən bu müsahibə dünyanın gündəmindədir. Prezidentin toxunduğu mövzulardan biri də nəqliyyatın idarəetməsindəki problemlər, yeni metro xətlərinin tikintisi oldu”.
Bu barədə nəqliyyat eksperti Aslan Əsədov Yenicag.az-a münasibət bildirib.
Ekspert qeyd edib ki, nəqliyyatın problemləri tıxacları aradan qaldırmaq deyil, bir küçədən digər küçəyə keçirtməkdir:
“Bildiyimiz kimi, nəqliyyat vasitələri ümumi olaraq daha sıx hərəkət edir. Tıxacların yaranma səbəbi nəqliyyat vasitələrinin reputasiya edilməməsidir. Bu problemi həll etmək əvəzinə tıxacı bir nöqtədən digər nöqtəyə köçürürük. Ona görə də hər hansı infrastruktur qurulur, həmin küçədə tıxac baş vermir, oradan 100 metr, 1 kilometr məsafədə tıxac yaranır. Cənab Prezident də məhz bu məsələyə çox həssas formada toxunmuşdur”.
“Digər məsələ olaraq isə tıxacın yaranma səbəbində infrastrukturun rolunu qabartmışdır. Bu da növbəti mərhələ üçün stimulverici addımdır. Prezidentin digər toxunduğu məsələ metroların çəkilməsi ilə bağlıdır. Həmin nitqdə baş planı işarə edir, amma baş planın müddəti ümumi olaraq çox böyük müddətdir. 2040-cı ildə baş planın müddəti bitir. Amma bu plana uyğun olarsa proses ləngiyəcək. Cənab Prezident bu plana uyğun olaraq qarşıya konkret hədəflər qoymuşdur: aidiyyəti qurumlar tərəfindən qısa zaman kəsiyində infrastrukturun yenilənməsi. Bu o deməkdir ki, bu müasir həll üsuludur. Dünya praktikasına baxaraq digər inkişaf etmiş dövlətləri misal gətirmək olar. Daha çox insanın yaşadığı ölkələrlə müqayisə edib bu problemin çıxış yollarını tapmaq olar. Budur məsələnin mahiyyəti. Bu kimi addımlar tıxacların həllinə stimul verə bilər”, – deyə o, əlavə edib.
Ekspert yeni tikilməsi nəzərdə tutulan metro ərazilərini də sadalayaraq ehtimallarını bildirib:
“Yeni tikiləcək metro stansiyalarına gəldikdə isə ən yeni stansiya Respublika 1 nömrəli Xəstəxananın ərazisində tikiləcək. Proses artıq yekunlaşma mərhələsindədir. Digər stansiya tikiləcək ərazilər isə Bakıda daha çox məskunlaşma olan ərazilərdə və Abşeron rayonunu əhatə edəcək. Bu da o deməkdir ki, Abşeron rayonunun mərkəzi olan Xırdalana və həmin əraziyə ən az 2 başqa stansiya düşür. Digər stansiya tikiləcək ərazi isə “Ağ Şəhər” və ətrafı gözlənilir. Stansiya üçün artıq həmin yerdə ərazi də ayrılıb”.
Nurlan Cəfəri